
Aprelin 29-da Milli Məclisin sədr müavini Musa Qasımlı ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə vitse-spiker Musa Qasımlı Almaniyanın dost ölkə olduğunu, xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyib. Qeyd edib ki, Azərbaycan dövləti ölkəmizdə yaşamış almanların tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir. Vitse-spiker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci il avqustun 30-da imzaladığı “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam”ın alman xalqına hörmət və diqqətin bariz nümunəsi olduğunu bildirib.
Söhbət zamanı ötən müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyi, siyasi, iqtisadi, humanitar əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olduğu, ölkəmizdə bir çox alman şirkətlərinin uğurla fəaliyyət göstərdiyi söylənilib.
Görüşdə dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının xüsusi rol oynadığı vurğulanıb, qonaqlara Milli Məclisin tərkibi, prosedur qaydaları, qanunvericilik fəaliyyəti barədə geniş məlumat verilib. Bu sahədə əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığı bildirilib. Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin 2023-cü ilin noyabr ayında Almaniyaya səfəri xatırlanıb, ikitərəfli əlaqələrin inkişafı və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib. Eyni zamanda, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyətinin, deputatlar arasında daha sıx təmasların qurulmasının parlamentlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi söylənilib.
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edis səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının tərəflər üçün faydalı olduğunu söyləyib. O, ölkəmizə səfəri çərçivəsində Almaniya nümayəndə heyətinin Göygöl və Şəmkir rayonlarında, Xankəndi və Şuşa şəhərlərində olduğunu, hər yerdə hərarətlə qarşılandığını və xoş təəssüratlarla ayrıldığını deyib.
Qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Almaniya Bundestaqının fəaliyyəti, rəhbərlik etdiyi dostluq qrupu barədə söhbət açıb, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Almaniya Bundestaqı nümayəndə heyətinin üzvləri Daniel Köbl, Macit Karaahmetoğlu, Sergey Minix, Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann çıxış edərək, Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığin inkişafına dair fikirlərini bölüşüblər, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın və yaxşı perspektivlərin olduğunu qeyd ediblər.
Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya nümayəndə heyətinin üzvü Katerina Bienert və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman










































