"11 iyunda ABŞ Dövlət Katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisinin İrəvana səfərindən və səfər çərçivəsində keçirdiyi görüşlərdən sonra istər Qalstanyanın dəstəsinin prosesləri qızışdırması, istər parlamentdə gərgin atmosferin yaradılması, istərsə də sərhəddə silahlı təxribatın törədilməsi təsadüfi sayıla bilməz. Bütün bunların hamısı bir mərkəzdən idarə olunur və ağıllara ilk növbədə Moskva gəlir. Fikrimcə, Naxçıvanın bəzi bölgələrinin atəşə tutulması Paşinyanın planlarında yoxdur. Burda məqsəd sülh prosesini pozmaq, Ermənistan iqtidarının hadisələrə nəzarət etmək imkanı olmadığını beynəlxalq ictimaiyyətə göstərmək, həm də Bakını da ona qarşı qaldırmaqdır".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulmasını şərh edərkən səsləndirib. AMİP funksioneri daha sonra bunları qeyd edib:
"Bir məqamı da diqqətə alsaq Naxçıvanla sərhəddə atəşkəsin ermənilər tərəfdən pozulmasına dair aydın təsəvvür yarada bilərik. Söhbət Zəngəzur dəhlizindən gedir. Bildiyiniz kimi Birləşmiş Ştatlar Aralıq dənizindən Mərkəzi Asiyayadək uzanan nəqliyyat xəttinə xüsusi önəm verir və bu xəttin Rusiya, eləcə də Çinin təsirlərindən uzaq tutmağa çalışır. Zəngəzur dəhlizinin açılmaması isə bu xəttin rentabelliyini və əhəmiyyətini sual altına qoyur. Bu hadisələr elə bir dövrdə cərəyan edir ki, tərəflərin sülhə yaxın olduqları haqda bəyanatlar səsləndirilir. Zənnimcə Rusiya Cənubi Qafqazda, o cümlədən Ermənistanla Azərbaycan arasında gərginlik saxlamaq üçün belə bir təxribatın işə düşməsinə xeyir dua verib. Şübhəsiz ki, revanşistlər də burda həvəslə rol alıblar".
Süleyman