Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 34 təhsil müəssisəsində "Məktəblinin dostu"nun təşkilatçılığı ilə "Yay məktəbi" keçirilir.
Newscenter.az xəbər verir ki, hazırda VII və VIII siniflər üçün keçirilən "Yay məktəbi"nə 1000-ə yaxın paytaxt məktəblisi qatılıb.
“Yay məktəbi”nin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdan ibarətdir.
“Yay məktəbi”nin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları “Yol hərəkəti qaydaları”, “İlkin tibbi yardım”, “Fövqəladə hallarda davranış qaydaları”, "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq və nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçirirlər.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrinin şagirdləri "Yay məktəbi"nə dərs ili ərzindəki müraciətləri əsasında könüllü şəkildə qatılıblar.
İki aylıq müddəti əhatə edən “Yay məktəbi”nə iyul ayı ərzində V və VI, avqust ayında isə VII və VIII sinif şagirdləri cəlb olunub.
Süleyman