ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulaması və Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirməsi fonunda ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələr keçirməsi, ABŞ- Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışması heç bir sağlam məntiqə sığmır.
Bu dinləmələrdə çıxış edən natiqlər tərəfindən Azərbaycana qarşı bir çox əsassız ittihamlar səsləndirilib. Konqresin bəzi üzvləri ABŞ-ın dövlətçilik maraqlarını deyil öz şəxsi maraqlarını və erməni lobbisinin sifarişini əsas tutaraq, həmin dinləmədə mövcud olmayan "Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətirərək Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdiriblər. Azərbaycanla bağlı həqiqətləri və faktları qəsdən təhrif edən konqresmenlər və onların sözügedən dinləmələrə dəvət etdikləri keçmiş separatçı rejimin nümayəndələri Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsindən hiyləgər taktiki vasitə kimi istifadə edərək öz əsas niyyətlərini – ölkəmizə qarayaxma kampaniyasını həyata keçirməyə çalışıblar. ABŞ konqresmenləri peşəkar siyasətlə məşğul olmaq əvəzinə, siyasi quldurluq edirlər.
Bu arada fəal erməni lobbiçisi, konqresmen Adam Şiff də Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən düz bir il sonra ölkəmiz əleyhinə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Onun təqdim etdiyi qanun layihəsində ölkəmizin əleyhinə bir sıra təxribatçı təkliflər yer alıb. Görünən budur ki, erməni lobbisinə nökərlik edən bəzi konqresmenlər öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycanın “cəzalandırılması”na çalışırlar. Maraqlı məqamlardan biri də budur ki, bu konqresmenlərin əksəriyyəti məhz hakim Demokratlar Partiyasının təmsilçiləridir. Onlar Ağ Ev administrasiyasının və şəxsən Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərinə dəstək vermək əvəzinə, sülh danışıqlarına zərbə vurmağa və Ermənistanı revanşizmə təhrik etməyə çalışırlar.
Bütün hallarda ABŞ Konqresinin ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi qəbuledilməzdir. Eləcə də Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrinə viza verilməsi və onların ABŞ Konqresinin məlum tədbirində iştirakına şərait yaradılması da yolverilməzdir. ABŞ tərəfi bu addımı ilə erməni separatçılığına açıq dəstək nümayiş etdirib. Konqresmenlər anlamalıdırlar ki, onlar öz merkantil maraqlarından çıxış etməklə birbaşa ABŞ-Azərbaycan əlaqələrinə ağır zərbə vururlar.
Eyni zamanda rəsmi Vaşinqton da ikili siyasət yürütməkdən əl çəkməlidir. Çünki erməni separatçılarına viza verilməsi ABŞ Konqresinin yox, Ağ Ev administrasiyasının, ABŞ Dövlət Departamentinin günahıdır. Rəsmi Vaşinqton bir yandan sülhdən danışıb, digər tərəfdən separatçılığı körükləməməlidir. Bu həm beynəlxalq hüquqa, həm də dostluq və əməkdaşlıq prinsiplərinə ziddir. Azərbaycan Ağ Evdən ikili siyasət yox, səmimi və vicdanlı əməkdaşlıq gözləyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri