"Əsrin müqaviləsi Azərbaycanın bu günkü inkişafının təməl daşı oldu. Məhz 30 il əvvəl imzalanmış həmin sazişlə Azərbaycan uğurla inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev gərgin əməyi sayəsində imzalanmış sözügedən sənəd təkcə neft sektoru deyil, eləcə də qeyri-neft sektorunun inkişafına zəmin yaratdı".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanması heç də asan başa gəlməyib:
"Ciddi cəhdlə həmin müqavilənin imzalanmasına qarşı çıxılırdı. Həm xarici qüvvələr, həm də onların daxildəki əlaltıları "Əsrin müqaviləsi"nin imzalanmasına qarşı çıxırdılar. Bu prosesə əngəl olmaq üçün hətta dövlət çevrilişinə cəhdlər də oldu. Ancaq bütün bu cəhdlərin qarşısını Ulu Öndər Heydər Əliyev öz uzaqgörən və əzmkar siyasəti ilə zərərsizləşdirdi".
Arzuman Muradlı deyib ki, "Əsrin müqaviləsi" nəticəsində Azərbaycana xarici sərmayələr üz tutdu, təkcə neft deyil, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatırıldı:
"30 il əvvəl imzalanmış həmin tarixi sənəd Azərbaycanın hərtərəfli inkişafı üçün zəmin yaratdı ki, bu gün də Azərbaycan dövləti və xalqı olaraq onun bəhrəsini görürük".
Süleyman