Artıq bir neçə gündür ki, yeni tədris ilinə start verilib. Paytaxt və bölgələrdə, ölkənin müxtəlif regionlarında minlərlə şagird məktəb sevincini yaşayır. Lakin balaca fidanlara, məktəblilərə bu sevinci də çox görənlər var. Necə ki, Qax rayonunda olduğu kimi.
Newscenter.az-a rayondakı mənbələrdən daxil olan xəbərə görə, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 14 şagirdi bir neçə gündür ki, məktəbə buraxılmır. Buna səbəb isə sinifdə şagird sayının azlığı əsas gətirilərək 14 nəfərin 32 və 22 nəfər şagird olan siniflərə bölünməsidir.
Şagirdlərin valideynləri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovaya müraciət etsələr də, məsələ həllini tapmır. Valideynlər 50 nəfərə yaxın şagirdi olan sinifdə təhsilin keyfiyyətinin aşağı olacağı və övladlarının dərs prosesində heç nə öyrənə bilməyəcəyindən narahatçılıq ifadə edirlər.
Bu arada onu da xatırlatmaq yerinə düşər ki, Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydəki 14 nəfərlik sözügedən sinif rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsi əsasında bağlanıb. Mərkəzin rəhbəri qərar verib ki, 2c sinfinin yerləşdiyi otaq standartlara uyğun deyil, 14 şagird orada təhsil ala bilməz. Mərkəz məqsədli şəkildə sinif otağının ölçülərini də olduğundan 2 kvadratmetr az göstərib. Bu zaman ortaya maraqlı sual çıxır. 2c sinfinin mövcud olduğu otaq standartlara cavab vermədiyi halda həmin şagirdlərin nəzərdə tutduğunuz 32 və ya 22 nəfərlik digər siniflərə birləşdirilməsi zamanı həmin siniflərin də standartı pozulmayacaqmı? Yaxud mövsümi xarakter daşıyan qrip virusunun yayıldığı bir ərəfədə 50 nəfər şagirdi bir otağa yığmaq hansı mıəntiqə sığır?
Saytımızın əldə etdiyi məlumata görə, sözügedən 14 şagirdin valideyni yaranmış problemlə bağlı elm və təhsil naziri Emin Əmrullayevə müraciət etməyi nəzərdə tutur.
Sonda onu da qeyd etmək yerinə düşər ki, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XIA sinif şagirdləri rayon üzrə rekord nəticə göstəriblər. Liseyin -19 məzunun hamısı yüksək balla ali məktəblərə qəbul olunub. Ancaq yeni tədris ilində məktəbdə yaradılan süni problem təbii ki, növbəti qəbul vaxtı öz mənfi təsirini göstərəcək.
Anar Əliyev