"Yaxın Şərqdə hər kəs İsrail və Fələstin savaşını izlərkən, pərdəarxasında gedən digər bir mühüm hadisəni gözdən qaçırırlar. Bu isə İran və Türkiyə arasında gedən siyasi rəqabətdir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Pərviz Əliyev deyib. O bildirib ki, İran bölgədə əsas oyunçu olduğunu göstərməyə çalışır və diplomatik təmasları üçün regionun önəmli sünni dövləti olan Misiri seçib:
"İranın xarici işlər naziri Araqçi son on ildən artıq müddətdə ilk dəfədir ki, Qahirəyə səfər edib. Bir tərəfdən, Türkiyə Qərb blokunun təmsilçisi olaraq Misirə təsirini gücləndirmək üçün şirnikləndirici iqtisadi və siyasi təşəbbüslər təklif edir. Digər tərəfdən, İran Qahirə ilə diplomatik əlaqələri fəal şəkildə inkişaf etdirir ki, bu da Yaxın Şərqdə qüvvələr balansında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
Misir İrana doğru strateji istiqamət götürərsə, bu, İranın Qərbi Asiya regionunda dominant mövqeyini təmin edən tarixi bir irəliləyiş olacaq. Belə bir dönüş, güc balansını kökündən dəyişdirən, kənar dövlətlərin müdaxiləsini gələcəkdə daha az effektiv edən İran nizamı yarada bilər. Nəzərə almaq lazımdır ki, hazırda İran faktiki olaraq qlobal səhnədə təkbaşına dayanır və çoxsaylı gücün təsiri ilə üzləşir. Bölgədə təsirini artırmaq istəyən Tehran üçün isə bunun qarşısındakı ən əsas maneələrdən biri Türkiyədir. Lakin Qahirə seçim etməkdə tələsmir. Sisi höküməti daha çox balanslı siyasət aparmağa meyillidir".
Politoloq deyib ki, Misirin beynəlxalq sistemdəki qeyri-sabitlik vəziyyəti və böyük güclər arasında rəqabətin geri qayıtması fonunda strateji tarazlığa çox ehtiyacı var:
"Strateji tarazlıq qeyri-müəyyən və təlatümlü situasiyalarda Misiri istiqamətləndirən kompas rolunu oynaya bilər. Bölgədə və beynəlxalq arenada baş verən fırtınalı hadisələri nəzərə alsaq, Misirin xarici siyasətdə strateji tarazlıq konsepsiyasını qəbul etməsi regional və beynəlxalq səviyyədə balans siyasətinə zidd olan layihələrdən uzaqlaşmaq üçün kifayət qədər əsas verir. Digər tərəfdən, Misir və Türkiyə münasibətləri nəzərəçarpacaq dərəcədə inkişaf edir".
Anar Əliyev