
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həm bir neçə gün əvvəl yerli televiziya kanallarına verdiyi müsahibədə ictimai nəzarətlə bağlı səsləndirdiyi fikirlər, həm də Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd edilən vacib məqamlar onu deməyə əsas verir ki, qarşıdakı illərdə ölkəmizdə vətəndaş cəmiyyətinin mövqeyi güclənəcək və qeyri-hökumət təşkilatlarının nüfuzu daha da artacaq. Çünki dövlət başçısı şəxsən bu prosesdə maraqlı olduğunu yuxarıda qeyd etdiyim iki məqamla bir daha təstiqlədi”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, dövlət başçısı cəmiyyətdə mövcud olan neqativ halların, məmur özbaşınalığının aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolunun artırılmasını vacib hesab edir, bu məqsədlə ictimai nəzarətin gücləndirilməsini zəruri sayır:
“Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə bu istiqamətdə səsləndirdiyi fikirlər əslində vətəndaş cəmiyyəti üçün bir siqnal idi. Yəni, dövlət başçısı qeyri-hökumət təşkilatlarını bu istiqamətdə fəal olmağa çağırırdı”.
Arzuman Muradlı onu da deyib ki, ictimai nəzarətin daha optimal və səmərəli olması üçün QHT-lər aktiv olmaqla yanaşı, onların yaradılmasına, təsis olunmasına da imkanlar tanınmalıdır:
“Elə bu imkanı da Cənab Prezidentin sərəncamı vətəndaş cəmiyyətində aktiv rol oynamaq istəyənlər üçün vermiş olur. Belə ki, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd edilir ki, qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının yaradılmasının təşviq edilməlidir. Eyni zamanda gender bərabərliyinin təbliği və təşviqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının ictimai iştirakçılığının artırılmasına dəstək göstərilməlidir. Bir sözlə həm Cənab Prezidentin sözügedən sərəncamı, həm də yerli televiziya kanallarına verdiyi müsahibələr onu deməyə əsas verir ki, qarşıdakı illərdə vətəndaş cəmiyyəti sektorunda yeni bir mərhələnin başlanğıcına şahidlik edəcəyik”.
Süleyman












































