
Bu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq-alim Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülən kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, fəlsəfə elmləri doktoru, dosent Lalə Mövsümova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zaur Rəşidovdur.
Newscenter.az xəbər verir ki, kitabda ilk dəfə olaraq qədim dövrdən bizim eranın 7-ci əsrinə qədər (İslamaqədərki) Türk xalqları fəlsəfi fikir tarixindən bəhs olunur. Burada Türk xalqlarının fəlsəfi təlimləri (Tanrıçılıq, Türkçülük, Qorqudçuluq, Qamlıq, Mağların təlimi, Manilik və b.) və müdrikləri (Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata, Mani Ata və b.) tədqiqata cəlb olunmuşdur.
Bu kitabın yazılmasında əsas məqsəd Türk xalqları fəlsəfi fikrinin İslamaqədərki mərhələlərini ardıcıllıqla, elmi obyektivlik prinsiplərinə əsaslanaraq və milli intellektual yaddaşa söykənən metodlarla yenidən canlandırmaqdır. Çağdaş akademik mühitimizin əsas çatışmazlıqlarından biri ondadır ki, Türk xalqlarının fəlsəfi mirası yalnız İslam dininin meydana çıxmasından sonrakı dövrlə əlaqələndirlir, üstəlik çox zaman ya ümumi regional çərçivələrə salınır, ya da xarici fəlsəfi təlimlərin kölgəsində dəyərləndirilir. Halbuki Türk xalqlarının fəlsəfi düşüncəsi özünəməxsus xətti olan müstəqil bir bütövdür və bu bütövlük Tanrıçılıq, Qorqud Ata hikməti, Xızır Ata hikməti, Mağlar təlimi, Qamlıq, Türklük, Manilik və başqaları ilə birlikdə öyrənildikdə aydın görünür. Sadəcə, Türk fəlsəfi düşüncəsi o qədər mükəmməl, dərin olmuşdur ki, digər mədəniyyətlər və fəlsəfələr ondan çox faydalanmışdır. Əlbəttə, bu zaman Türk fəlsəfi düşüncəsi də müəyyən qədər xarici mədəniyyətlər və fəlsəfələrin təsirinə məruz qalmışdır. Bununla da, zaman-zaman orijinal Türk fəlsəfi düşüncəsi və həqiqi Türk filosofları ilə bağlı elmi mübahisələr meydana çıxmış, müxtəlifyönlü müzakirələr aparılmışdır. Hazırda da, bu məsələlərlə bağlı mübahisə və müzakirələr davam etməkdədir. Ancaq bütövlükdə Türk fəlsəfəsinin özünəməxsus şəkildə varlığı qədim dövrdə də, İslam dininin meydana çıxmasından sonrakı zamanda da mövcud olmuşdur.
Süleyman











































