Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var? -David Seliverstov

90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var?


Mediada mənim barəmdə səsləndirilən “aldadıb”, “90 min dollar alıb”, “1,5 milyon dollar istəyib”, “baş həkimdən külli miqdarda pul alıb” və buna bənzər ifadələri sadəcə tənqid və ya şəxsi fikir hesab etmirəm. Bunlar konkret şəxsə, yəni mənə konkret əməllərin aid edilməsidir. Belə ağır iddialar ictimaiyyətə fakt kimi təqdim olunursa, onların arxasında konkret və yoxlana bilən sübutlar olmalıdır.

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, çox sadə suallar ünvanlayır:

"Mən kimi aldatmışam? 90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var? 1,5 milyon dollar tələb etdiyimi təsdiq edən hansı sübut var? Hansı müqavilə, bank əməliyyatı, qəbz, yazışma, səs yazısı və ya digər mötəbər sübut mövcuddur?

Əgər belə sübutlar varsa, onları ictimaiyyətə və səlahiyyətli dövlət orqanlarına təqdim edin. Əgər yoxdursa, kimdənsə eşidilən sözü və ya ehtimalı sübut olunmuş fakt kimi ictimaiyyətə təqdim etmək olmaz. Azərbaycan respublikası konstitusiyasının 46 cı maddəsi şəxsin şərəf və ləyaqətinin müdafiəsini təmin edir. Konstitusiyanın 47 ci maddəsi fikir və söz azadlığını tanıyır. Lakin söz azadlığı başqa şəxs barəsində sübuta yetirilməmiş ittihamları fakt kimi yaymaq hüququ demək deyil".

David Seliverstov qeyd edib ki, Azərbaycan respublikası mülki məcəlləsinin 23 cü maddəsi də şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üçün hüquqi vasitələr nəzərdə tutur:

"Mənim üçün burada başqa bir prinsipial məsələ də var. Hüquq müdafiəçisi və ya media nümayəndəsi olmaq heç kəsə xüsusi immunitet vermir. Hüquq müdafiəçisinin vəzifəsi insanı əvvəlcədən günahkar elan etmək deyil. Hüquq müdafiəsinin mənası hüququ, faktı, ədalətli proseduru və insanın fundamental hüquqlarını müdafiə etməkdir.

Təqsirsizlik prezumpsiyası da hüquqi dövlətin əsas prinsiplərindəndir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim media vasitəsilə özünü məhkəmə yerinə qoya bilməz.
Mən heç kimdən xüsusi münasibət tələb etmirəm. Mən sadəcə qanunun hamının üçün eyni olmasını tələb edirəm".

David Seliverstov daha sonra bunları qeyd edib:

"İddianız varsa, sübutunu göstərin. Sübutunuz varsa, səlahiyyətli orqana təqdim edin. Cinayət əməli barədə məlumatınız varsa, qanuni prosedurdan istifadə edin. Amma media efirini məhkəmə zalına, şəxsi mülahizəni ittiham aktına, eşidilmiş sözü isə məhkəmə hökmünə çevirmək olmaz.

Mənim hüquqi və ictimai mövqeyim budur. Hər bir iddia sübutla, hər bir ittiham qanunla, hər bir hüquqi qiymət isə qanunla müəyyən edilmiş prosedurla əsaslandırılmalıdır.
Heç kimin sözü qanundan üstün deyil".

Süleyman
Xəbəri paylaş