Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mən özümü ekran qarşısında tanıtmaqdan çox, insanın həyatında buraxdığım izlə tanınmağı seçirəm

Mən özümü ekran qarşısında tanıtmaqdan çox, insanın həyatında buraxdığım izlə tanınmağı seçirəm


Mənə tez-tez belə suallar verilir:
“Instagram səhifəniz var?”
“TikTok-da aktivsiniz?”
“Dərslərinizi, tələbələrinizi paylaşmırsınız?”
“Bəs insanlar sizi necə tanısın?”

Bəli, səhifələrim var. Sosial medianın bu dövrün bir hissəsi olduğunu da çox yaxşı başa düşürəm. Bu gün insanlar yemək bişirir, həyatını paylaşır, öz işini göstərir, reklam edir. Bunların hamısı normaldır. Hər kəsin öz seçimi, öz məqsədi var. Amma mənim seçimim bir qədər fərqlidir. Mən dərs zamanı telefonu qarşıma qoyub özümü çəkməyi, tələbənin dərsdəki hər anını paylaşmağı, nəticələri ard-arda nümayiş etdirməyi və “baxın, mən də işləyirəm” deməyi özümə yaxın hesab etmirəm. Çünki mən müəlliməm. Jurnalist deyiləm. Aparıcı deyiləm. Kamera qarşısında görünmək mənim peşəmin əsas göstəricisi deyil.

Mənim üçün əsas olan ekranda neçə dəfə görünməyim yox, qarşımda oturan insanın dərsdən nə götürməsidir. İyirmi ilə yaxın müəllimlik fəaliyyətim ərzində minlərlə tələbənin həyatına toxunmuşam. Müxtəlif yaşlarda, müxtəlif xarakterlərdə, müxtəlif dünyagörüşündə insanlarla işləmişəm. Yaxşı oxuyan da olub, oxumaq istəməyən də. Özünə güvənən də olub, bir cümlə deməyə çəkinən də. Valideynlərlə, uşaqlarla, böyüklərlə, müxtəlif xarakterlərlə çalışmışam və bütün bunlar mənə bir şeyi çox yaxşı öyrədib: Müəllim yalnız fənni bilməklə müəllim olmur.

Bəzən qarşına böyük yaşda bir insan gəlir və ən sadə qrammatik qaydanı belə başa düşmür. Sən həmin anda sadəcə qrammatikanı izah etmirsən. Düşünürsən ki, bu insanı necə ruhlandırmaq olar? Necə adaptasiya etmək olar? Necə izah etmək olar ki, utanmasın, çəkinməsin, özünə inansın? Necə danışasan ki, dediyin söz onun beynində qalsın? Bunun üçün təkcə kitab bilmək kifayət etmir. Bunun üçün pedaqoji təcrübə lazımdır. Psixologiyanı anlamaq lazımdır. İnsan tanımaq lazımdır. Səbir lazımdır. Ən əsası isə gördüyün işə ürək qoymaq lazımdır.

Mən illərlə özüm oxumuşam. Magistratura, doktorantura, elmi mühit, illərlə təcrübə... Özüm də bu gün tələbəyəm. Mən də müəllim qarşısında otururam, dinləyirəm, öyrənirəm. Çünki insan nə qədər təcrübəli olsa da, öyrənməkdən dayanmamalıdır. Bəzən başqa müəllimlərin dərslərinə də baxıram və düşünürəm: “İnsan min dəfə eşitməsə də, bir dəfə görsə, daha yaxşı anlayar.” Məhz buna görə də mən öz işimə kənardan baxmağı bacarıram. Müəllimlikdə fərqi görürəm. Kiminsə necə dərs keçdiyini, nə qədər ürək qoyduğunu, tələbəyə necə yanaşdığını hiss edirəm. Ona görə mən dərsdə oturub “bunu necə çəkim, necə paylaşım, necə reklam edim?” düşünməkdənsə, dərsimi keçməyi seçirəm.

Tələbəmin diqqəti məndə olmalıdır, kamerada yox. Mən hər gün dərs keçirəm. Amma hər dərsi şəkil çəkib paylaşmıram. Hər tələbənin nəticəsini nümayiş etdirmirəm. Hər valideynlə münasibətimi, hər uğuru, hər çətinliyi sosial mediaya daşımıram. Çünki mənim üçün tələbə kontent deyil. Uşağın uğuru reklam materialı deyil. Valideynlə münasibət paylaşım mövzusu deyil.

Mənim işim insanların həyatına toxunmaqdır, onların həyatını nümayiş etdirmək yox. Əlbəttə, səhifəmdə təhsillə bağlı fikirlərimi, maraqlı məqamları, bəzən tələbələrimin nəticələrini və xatirələri paylaşa bilərəm. Amma mən özümü hər gün sübut etmək məcburiyyətində hiss etmirəm. Çünki düşünürəm ki, iyirmi illik əməyin dəyəri bir neçə saniyəlik videoya sığmır. Bəzən insanın qarşısına çıxan ən əsas iki sual belə olur:

“Səhifəniz var?”
“Ödənişiniz nə qədərdir?”

Amma mən istəyərdim ki, müəllim seçərkən insan üçün bundan daha vacib suallar da olsun: Bu müəllim nə qədər təcrübəlidir? Tələbəni necə tanıyır? Onun fərdi ehtiyacını görə bilirmi? Çətin öyrənən insanla işləyə bilirmi? Təkcə qaydanı yox, qaydanı başa düşməyən insanı da anlaya bilirmi? Tələbənin psixologiyasına toxuna bilirmi? Özü də öyrənməyə davam edirmi? Çünki müəllimlik sadəcə “dil bilmək” deyil. Müəllimlik insanla işləməkdir.

Bu gün çox sayda kurs, çox sayda müəllim, çox sayda reklam var. Bu da həyatın bir reallığıdır. Hər kəs öz zəhmətinin qarşılığını qazanmaq istəyir və buna haqqı var.
Mən də öz əməyimin dəyərini bilirəm.

Amma mən heç vaxt özümü başqasının həyatı ilə müqayisə edib, “mən də bunu etməliyəm” düşüncəsi ilə yaşamamışam. Mənim reklamım tələbəmin nəticəsidir.
Məni tanıyan tələbə məni tanıyır. Valideyn məni tanıyır. İllər əvvəl dərs dediyim insan bu gün haradasa mənimlə rastlaşanda məni xatırlayırsa, mənim üçün bundan böyük reklam yoxdur. Gələn gəlir. Gəlməyən gəlmir. Mən heç kimi yalan vədlərlə cəlb etmək istəmirəm. Mən sadəcə işimi görmək istəyirəm. Bəlkə də buna görə sosial mediada çox görünmürəm. Amma görünməmək işləməmək demək deyil. Sakit işləmək də işləməkdir.
Özünü göstərməmək də nəticəsiz olmaq demək deyil. Hər gün kameraya çıxmamaq da peşəkarlığın olmaması deyil. Bəzən ən böyük zəhmətlər sosial mediada görünmür. Bir tələbənin illərlə çəkdiyi çətinliyin aradan qalxması görünmür. Bir uşağın özünə inamının yaranması görünmür. Bir insanın illər sonra ingiliscə ilk cümləsini rahat deməsi görünmür. Müəllimin bunun üçün gecələr hazırladığı materiallar görünmür. Kitabları, məqalələri, araşdırmaları, illərin təcrübəsini bir dərsə sığdırması görünmür. Amma bunların hamısı var və mənim üçün əsas olan da budur.

Mən özümü ekran qarşısında tanıtmaqdan çox, insanın həyatında buraxdığım izlə tanınmağı seçirəm.

Bəlkə də mənim müəllimliyim bir az köhnə məktəbdir. Amma mən buna utanmıram.
Çünki mən hələ də inanıram ki, müəllimin ən böyük reklamı onun tələbəsidir.
Və ən böyük nəticəsi də bir gün həmin tələbənin dönüb: “Müəllim, sizin sayənizdə bacardım.” deməsidir. Mənim üçün bundan böyük sosial media yoxdur.

Kəmalə Bayramova
Xəbəri paylaş