
Cəbrayıl rayon Quycaq kəndində vurulan, cəsədi orda qalan və hələ də tapılmayan itkin şəhidimiz Hüseynov Əzizağa Məhəmmədəli oğlunun əziz xatirəsinə...
Hüseynov Əzizağa Məhəmmədəli oğlu 1970-ci il mart ayının 21-də Cəbrayıl rayonunun Hacılı kəndində anadan olmuşdur. 10 illik məktəbi bitirən Əzizağa sürücülük peşəsinə yiyələnmiş və hərbi xidmətdən qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Bütün bölgələrdə döyüşən Əzizağa 1993-cü il oktyabrın 10-da Cəbrayıl rayonunun Quycaq kəndində gedən ağır döyüşlərdə vurularaq itkin düşmüşdür. Döyüş yoldaşları onun şəhid olduğunu, lakin ağır döyüş şəraiti səbəbindən cəsədini çıxarmağın mümkün olmadığını deyirlər.
Əzizağa Vətən uğrunda döyüşə gedəndə heç nədən qorxmadı. O, bilirdi ki, bu torpaq azadlıq istəyir və azadlıq qurban tələb edir. O, torpağını igidliklə qorudu, səngərdə son nəfəsinə qədər vuruşdu və bir anın içində sanki torpaq onu öz bağrına çəkdi. O gündən bəri nə izi, nə səsi gəlir.
Amma biz bilirik ki, şəhidlər itmir, onlar torpağın dərinliyində yuxuya gedir, ta ki, tapılana qədər...
Hər bir dua, hər bir səssiz göz yaşı onu bizə bir addım daha yaxınlaşdırır.
Əzizağanın valideynləri Məhəmmədəli ata və Firuzə ana da bu dərdlə dünyadan köçdülər.

Bu gün bacısı Gülü xanım onun bir gün tapılacağı həsrətiylə yaşayır. Qardaşları döyüşçü Məhərrəm və Vaqif hələ də onun bir gün tapılıb məzara qoyulacağı günü səbirsizliklə gözləyirlər.
Hər bir itkin şəhidimiz tapılmalı, hər qəhrəmanın ruhu rahatlıq tapmalıdır. Onlar torpaqlarımızın azadlığı, millətimizin namusu üçün canlarını fəda etdilər. Heç bir şəhid unudulmamalı, heç bir qəhrəmanın izi torpaq altında itib getməməlidir. Çünki bir xalqın gələcəyi, şəhidlərinin ruhuna göstərdiyi ehtiramla ölçülür.
İtkinlik yalnız bir ad deyil, vətən uğrunda canından keçmiş qəhrəmanlığın simvoludur. O hələ tapılmasa da, Cəbrayıl torpağı onun ruhunu qoruyur, adı isə xalqın qəlbində yaşayır.
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsi olaraq İtkin Əzizağanın tapılması üçün dövlət qurumlarına, aidiyyəti orqanlara müraciət edirik:
Biz istəyirik ki, İtkin Əzizağanın cəsədi tapılsın, ailəsi ona son mənzilində yas tutsun, vətən isə qəhrəmanını qucaqlasın. Hər birimiz bu axtarış işində məlumat paylaşaraq, dövlət qurumlarını xəbərdar edərək, səssiz qalmayaraq dəstək ola bilərik.
Bu gün Əzizağanın məzarı olmasa da adının çəkildiyi hər yer bir ziyarətgah kimidir. Çünki o, vətən üçün canından keçənlər sırasındadır.

İnanırıq ki, Cəbrayıl torpağı oğlunu geri qaytaracaq, şəhid İtkin Əzizağa tapılacaq və adı əbədiyaşar olacaq.
O vaxta qədər isə bir sözümüz var:
Səni unutmamışıq, qəhrəman! Səni axtarırıq, bir gün məzarın üstünə güllər düzəcəyimiz günü gözləyirik. Adın İtkin olsa da, sən bizim qəlbimizdə əbədi tapılmısan...
Dürdanə Qaraşova,
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini











































