
"Son günlər ölkə gündəmini zəbt edən və sosial mediada ciddi müzakirələrə səbəb olan hadisələrdən biri Azərbaycan nümayəndəsinim erməni iştirakçıya 12 xal verməsidir. Biz müharibədən çıxmış, minlərlə şəhid vermiş bir xalqıq. Bizim üçün “sülh” anlayışı bəli, müqəddəsdir. Amma bu sülh həqiqət üzərində qurulmalıdır. Barışın ilk şərti - qarşı tərəfin etdiklərini etiraf etməsi, üzr istəməsi, zülmü tanımasıdır. Bunların heç biri baş verməmişkən, xalqın acısını görməzdən gələrək qucaqlaşmaq və gülümsəmək ictimai rəyə hörmətsizlik kimi qəbul edilir".
Newscenter.az xəbər verir ki, bunları “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova deyib. O qeyd edib ki, siyasətdə və diplomatiyada jestlərin önəmi böyükdür:
"Amma bu jestin vaxtı və yerinə görə edilməsi əsas şərtdir. Hələ çox erkəndir. Xocalını, Gəncəni, Tərtəri unutmamış bir xalq üçün belə bir görüntü təkcə incitmə deyil, həm də unudulmaq qorxusudur".
Turanə Orucova qeyd edib ki, incəsənət xalqı birləşdirə də bilər, bölə də:
"Hissiyyat, yaddaş, tarix və mədəniyyət iç-içədir. Bizim tariximizdə silinməyən izlər var. Ona görə hər bir sənət nümayəndəsi, xüsusilə də xalqın təmsilçisi olmaq məsuliyyəti daşıyan şəxslər bu incə xətləri daha dəqiq hiss etməli, davranışlarını bu məsuliyyətə uyğun tənzimləməlidir.
Sonda bir daha qeyd etmək istərdim ki, sülh arzumuz daimidir, amma yaddaşsız sülh mümkün deyil. Bu gün atılan hər addım gələcək tariximizdə iz qoyur. Qoy bu izlər bizə həm qürur, həm də ədalət gətirsin".
Cavid











































