
35 il öncə öz müstəqilliklərini bərpa edən keçmiş sovet respublikalarının desovetizasiya işi aparmaları onların təbii-tarixi haqqıdır. Söhbət ilk növbədə milli rəmzlərin bərpasından, milli dilin rəsmi dövlət dili elan edilməsindən, kiril əlifbasından imtina olunmasından, küçə və yer adlarının milliləşdirilməsindən, soyadlarının dəyişdirilməsindən, imperiya müstəmləkəçiliyinin və bolşevizmin rəmzi olan heykəllərin demontajından gedir. Lakin çox təəssüf ki, rəsmi Moskva postsovet respublikalarının bu istiqamətdə atdığı istənilən addıma olduqca aqressiv, isterik reaksiya verir. "Usta və Marqarita" ("Master və Marqarita") romanı ilə dünya şöhrəti qazanan rus-sovet yazıçısı Mixail Bulqakovun Kiyevdəki heykəlinin sökülməsinə Rusiya tərəfindən verilən sərt reaksiya da bunun əyani nümunəsidir.
Ukraynada Bulqakovun heykəlinin sökülməsinin ciddi ictimai-siyasi müzakirələrə səbəb olması normaldır. Lakin Rusiyanın rəsmi dairələrinin aqressiv reaksiyası isə adekvat deyil. Müşahidələr göstərir ki, hazırda Rusiya və Ukraynada bu hadisəyə yanaşmada iki əsas xətt müşahidə olunur. Ukraynalılar olaya ilk növbədə tarixi və siyasi kontekstdən yanaşaraq, Bulqakovun əsərlərində Ukrayna xalqına və onun müstəqillik mübarizəsinə qarşı qərəzli mövqe olduğunu, bir yazıçı kimi onun rus imperiya ideologiyasını dəstəklədiyini əsas gətirir və hazırkı işğalçı müharibə şəraitində bu cür abidələrin Ukrayna şəhərlərindən təmizlənməsini "dekolonizasiya" və "derusifikasiya" prosesinin zəruri bir hissəsi kimi dəyərləndirirlər. Bu, Ukraynada davam edən genişmiqyaslı tarixi yaddaşın bərpası siyasətinin və müharibə şəraitində formalaşan milli kimlik axtarışının bir hissəsidir.
Rusiya cəmiyyəti isə məsələyə daha çox mədəni və ədəbi kontekstdən yanaşmağa üstünlük verir və Bulqakovun dünya ədəbiyyatına verdiyi töhfəni, eləcə də onun Kiyevlə (əsasən "Ağ qvardiya" əsərindəki rolu ilə) olan tarixi bağlılığını vurğulayır. Ruslar hesab edirlər ki, sənətkarın şəxsiyyətini və ya onun əsərlərindəki bəzi məqamları siyasi mübarizəyə qurban vermək mədəni irsin itirilməsi deməkdir və bu yanaşma "tarixi mədəniyyətdən təmizləmək" cəhdi kimi qəbul edilə bilər. Rəsmi Moskvanın Ukraynadakı rus-sovet abidələrinin sökülməsinə reaksiyası isə adətən olduqca sərt və kəskin olur. Moskva bu cür addımları özünün mədəni və tarixi irsinə hücum, "tarixin saxtalaşdırılması" və "rusofobiya" kimi qiymətləndirir. Mixail Bulqakovun heykəlinin sökülməsi də "mədəniyyətə qarşı müharibə" kimi təqdim olunur.
Ümumiyyətlə, Rusiya rəsmiləri və dövlət mediası iddia edirlər ki, Ukrayna rus mədəniyyətini, dilini və tarixini tamamilə silməyə çalışır və öz milli kimliyini ruslara qarşı düşmənçilik motivləri üzərində qurur. Ona görə də rəsmi Moskvanın bu prosesi Ukrayna hakimiyyətinin "mədəniyyətsizliyi" və "barbarlığı" kimi qələmə verməsinin səbəbi tamamilə anlaşılandır. Çünki burada söhbət Kremlin neoimperiya siyasətinin müdafiəsindən gedir. Rusiya üçün Bulqakov kimi şəxsiyyətlər təkcə yazıçı deyil, həm də "Rus dünyası" (Russkiy mir) ideologiyasının daşıyıcılarıdır. Məhz bu səbəbdən də, Ukraynanın onu "imperiya siyasətinin rəmzi" kimi qiymətləndirib, abidəsini sökməsini Rusiya özünün "yumşaq güc" (soft power) siyasətinə və tarixi nüfuzuna vurulan zərbə kimi qəbul edir.
Rusiyanın rəsmi media quruluşları isə (məsələn, TASS və digərləri) bu hadisələrə siyasi və ideoloji rəng qataraq heykəllərin demontajını geniş şəkildə işıqlandırır, Ukraynada "nasist" elementlərin və ya "tarixi saxtalaşdıran" qüvvələrin hakim olduğunu iddia edən təbliğat kampaniyaları aparırlar. Maraqlıdır ki, rəsmi Moskvanın heykəllərə yanaşmasında həm də açıq şəkildə ikili standart müşahidə olunur. Belə ki, Rusiya tərəfi tez-tez bu prosesləri tənqid edərkən, öz ərazisində və ya nəzarətində olan bölgələrdə (məsələn, işğal olunmuş Ukrayna şəhərlərində) rus abidələrinin qorunmasını və ya yeni abidələrin ucaldılmasını "mədəniyyətin xilası" kimi təqdim edir, ancaq Ukraynanın öz irsinə sahib çıxmasını isə "aqressiv millətçilik" adlandırır. Əsl həqiqətdə isə, bu, aqressiv millətçilik yox, Ukraynanın Rusiyanın təsir dairəsindən çıxmaq üçün atdığı "dekolonizasiya" addımlarının ən görünən və simvolik təzahürüdür.
Görünən budur ki, Moskva isə Ukrayna və digər postsovet ölkələrindəki rus-sovet mirası olan abidələrin sökülməsinə özünəqayıdışa və milliləşdirməyə xidmət edən tarixi-hüquqi bir qərar kimi yox, anti-Rusiya mövqeyi kimi yanaşır, bunu "rusofobiyanın təzahürü" kimi dəyərləndirir. Məhz buna görə də bu kimi hadisələr Kreml tərəfindən çox həssaslıqla qarşılanır. Lakin Kreml bu cür həssas yanaşmalardan əl çəkməlidir və postsovet respublikalarının hər birinin suverenliyinə hörmətlə yanaşmaq yolunu tutmalıdır. Hansı şəhərdə hansı heykəlin sökülməsi və ya bu və ya digər küçəyə, yaşayış məntəqəsinə hansı adın qoyulması hər bir müstəqil dövlətin öz daxili işidir. Moskva nəhayət ki, bu fakt və həqiqətlə barışmalıdır.
Əlisahib Hüseynov












































