
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində formalaşdırdığı yeni geosiyasi mövqeyin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu gün ölkəmiz artıq yalnız coğrafi baxımdan mühüm tranzit məkanı deyil, həm də fərqli siyasi və iqtisadi qütblər arasında etimad yaradan, dialoqu təşviq edən və əməkdaşlıq platformaları formalaşdıran etibarlı aktor kimi qəbul edilir.
Xüsusilə Azərbaycanın "orta güc" (middle power) kimi qiymətləndirilməsi təsadüfi yanaşma deyil. Bu status ölkənin təkcə iqtisadi və ya hərbi imkanlarının deyil, ilk növbədə müstəqil qərarvermə qabiliyyətinin, milli maraqlarını prinsipial şəkildə müdafiə etməsinin, çoxtərəfli diplomatiyada təşəbbüskar rol oynamasının və beynəlxalq etimad qazanmasının məntiqi nəticəsidir. Son illərdə COP29-a, WUF13-ə ev sahibliyi, Qlobal Cənub ilə əməkdaşlıq platformalarının təşviqi, nəqliyyat və enerji dəhlizlərinin inkişafına verdiyi töhfələr Azərbaycanın artıq regional çərçivələri aşaraq qlobal proseslərə təsir göstərən dövlətlər sırasında yer aldığını nümayiş etdirir.
Şuşa Qlobal Media Forumunun məhz dialoq, qarşılıqlı anlaşma və fikir mübadiləsi platforması kimi inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasət fəlsəfəsinin mühüm elementidir. Müasir dövrdə etimad və kommunikasiya ən azı iqtisadi və siyasi resurslar qədər əhəmiyyətlidir. Azərbaycan isə müxtəlif baxışları bir araya gətirən, körpülər quran və əməkdaşlıq üçün yeni imkanlar yaradan dövlət modelini uğurla nümayiş etdirir.
Düşünürəm ki, beynəlxalq ekspertlərin Azərbaycana "orta güc" statusu verməsi təkcə ölkəmizin bugünkü nailiyyətlərinin qiymətləndirilməsi deyil, həm də gələcək qlobal proseslərdə üzərinə düşəcək məsuliyyətin etirafıdır. Bu, Azərbaycanın balanslı, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursunun beynəlxalq səviyyədə qazandığı nüfuzun ən mühüm göstəricilərindən biridir.
Ramil İskəndərli, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri












































