
Rusiyanın Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşməsi rəhbərliyi yeni qərarlar qəbul etməyə məcbur edir. Yayılan məlumatlara əsasən ruslar yaxın aylarda yeni səfərbərlik dalğasın həyata keçirəcəklər. Təxminən yarım milyon və biraz artıq yeni qüvvənin orduya cəlbedilməsi planlaşdırılır. Hətta bunlardan bir hissəsinin çox az müddətlik ilkin hazırlıq kursundan sonra birbaşa cəbhə xəttinə göndərilməsi nəzərdə tutulur.
Görünən odur ki, üzərindən illər keçsə də, yeni müharibə metodları yaransa da, rusların Stalinqrad psixologiyası hələ də davam edir. Keçmiş dövrdə insan çoxluğu müharibələrin taleyini həll etsə də, indi məsələ müəyyən qədər fərqlidir. Ən əsası yüksək texnoloji yeniliklər kəmiyyət zehniyyətin arxa plana atıb. Elə Ukrayna nümunəsində bunu görmək mümkündür.
Reallıq ondan ibarətdir ki, Kremldə oturanların özləri belə yeni planla cəlb ediləcək şəxslərin mütləq əksəriyyətinin çox qısa bir zamanda məhv ediləcəyini yaxşı bilir. Lakin rusların əlavə bir manevr imkanları yoxdur. Sanki son ümid kimi bu tip addımlar atılır. Mənzərə təxminən belədir: İrəli getməyə güc yoxdur, geriyə qayıtmağa isə üz. Putin administrasiyası geri dönüşün məhv edici nəticələrini çox yaxşı anlayır. Bu səbəbdən ənənəvi psixoloji yanaşmanı davam etdirirlər.
Digər tərəfdə isə, mübaliğəsiz küllərindən doğan bir USQ var. Ukrayna ordusu hazırda dünyanın ən güclü orduları sırasında öncül yerdə qərarlaşır. Məsələ kağız üzərində olan rəqəmlərdən yox, məhz döyüş meydanında əldə olunan nəticələrdən gedir. Xüsusilə, hər gün yüzlərlə rus əsgərini ovlayan dron operatorları. Onlar həqiqətən çox peşəkarlıqla döyüş həyata keçirirlər. Təbii ki, rusların ciddi səylə hazırlaşdığı payız kompaniyası ilk başlarda müəyyən sahəvi nəticələr yaradacaq. Ancaq yekunda kütləvi itkilər qaçınılmazdır. Ən güclü vaxtında bunu edə bilməyən bir ordunun indi böyük işlər görəcəyi inandırıcı deyil. Paralel olaraq, Ukrayna müharibəni Rusiya ərazisinə daşımağı bacarıb. İndi əminəm ki, Rusiyada hər hansı bir strateji müəssisədə çalışan hər bir işçinin qulağı səsdədir. Rusiya böyük aviasiya donanmasına baxmayaraq Ukraynada hava üstünlüyünü ələ keçirə bilmədi. Bu indiki mənzərənin əsas səbəbidir. İndi isə ölkənin HHM - in təşkil edə bilmirlər. Bir tərəfdə neft emalı aşağı düşür, digər tərəfdən isə ölkəyə qarşı yeni sanksiya paketləri qəbul edilir. Bir sözlə dəsmal götür ağla.
Pərviz Mirizadə, siyasi şərhçi











































