Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin yanlış siyasəti dünya birliyində Rusiyaya qarşı güvənsiz münasibət formalaşdırıb

Putinin yanlış siyasəti dünya birliyində Rusiyaya qarşı güvənsiz münasibət formalaşdırıb


Ukrayna ordusunun yeni baş komandanı olduqca sensasiyalı bir fikir səsləndirərək, Rusiya rəhbərliyinin və rusların sivil dünyada yaşamaq haqqı olmadığını bildirib. Söhbət Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı`dan gedir. Yerli mediaya açıqlamasında Rusiya və ruslar haqqında sərt fikirlər bildirən M.Drapatı hazırkı Rusiyanı hətta qonşu adlandırmağın belə mümkün olmadığını vurğulayıb: “Rusiyanı artıq qonşu adlandırmaq belə mümkün deyil. Bu (ruslar), elə bir millətdir ki, onun rəhbərliyi ilə birlikdə mövcud olmaq haqqı yoxdur. Minilliklər ərzində orada nə düşüncə tərzi, nə də imperiya iddiaları baxımından bir sivil dəyişiklik baş verib”.
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının bu fikirləri dünya mediasında geniş tirajlandığı kimi, Rusiyanın siyasi dairələrində və media-bloger-ekspert camiəsində də çox ciddi ajiotaja səbəb olub. Onlar M.Drapatının açıqlamasına sərt təpki göstəriblər. Rusların aqressiv reaksiyası anlaşılandır. Çünki onlar Ukraynaya qarşı birmənalı düşmən ovqatına kökləniblər. Lakin rusların necə reaksiya verməsindən asılı olmayaraq, əslində, Mixail Drapatı bu mövqeyində tamamilə haqlıdır. Çünki bugünkü Rusiya dövləti və rus cəmiyyəti həqiqətən də denasifikasiya olunmağa ehtiyac duyacaq bir duruma gəlib. Neoimperiya təfəkkürü, şovinizm əhval-ruhiyyəsi rus cəmiyyətini toksik bir topluma çevirib. Belə bir toplumla, belə bir xalqla qonşu olmaq ukraynalılar üçün doğrudan da çox çətindir.
Mixail Drapatının bu bəyanatı Ukrayna tərəfinin Rusiyaya qarşı sərt mövqeyinin bir ifadəsi kimi qəbul olunur. Eyni zamanda, belə açıqlamalar müharibə və qarşıdurma şəraitində tərəflər arasında ritorikanın daha da sərtləşdiyini göstərir. Onun açıqlaması təkcə iki ölkə arasındakı mövcud gərginliyin növbəti ifadəsi kimi deyil, həm də müharibə şəraitində siyasi ritorikanın hansı həddə qədər sərtləşə bildiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Drapatının mövqeyi Ukrayna cəmiyyətində Rusiyaya qarşı formalaşmış dərin etimadsızlıq və təhlükəsizlik narahatlıqlarını bir daha üzə çıxarır. Uzunmüddətli müharibə, işğal və davam edən hərbi təzyiq şəraitində Ukrayna siyasi və hərbi elitasında Rusiyaya münasibətdə kompromissiz yanaşmaların güclənməsi təəccüblü deyil. Bu cür bəyanatlar, adətən, qarşı tərəfi yalnız siyasi rəqib deyil, həm də mövcud təhlükənin mənbəyi kimi təqdim etməyə xidmət edir.
Rusiya tərəfinin bu açıqlamaya sərt reaksiya verməsi də gözlənilən idi. Moskva üçün belə bəyanatlar həm siyasi, həm də simvolik baxımdan cavabsız qala bilməz. Lakin reaksiyanın kəskinliyi münaqişənin mahiyyətini dəyişmir: tərəflər arasında etimad mühiti demək olar ki, mövcud deyil və ritorika getdikcə daha çox qarşıdurma dili üzərində qurulur. Odur ki, Drapatının sözləri nəticə etibarilə, Ukrayna-Rusiya münasibətlərindəki dərin uçurumu bir daha gün işığına çıxarır. Bu cür sərt açıqlamalar, müharibə şəraitində önə çıxan emosional ritorika onu göstərir ki, bu iki qohum xalq arasında dialoq imkanları hazırda sıfıra bərabərdir. Və bu durum Rusiya dayandırılana qədər də davam edəcək. Putinin yanlış siyasəti təkcə ukraynalılarda deyil, bütün dünya birliyində Rusiyaya qarşı güvənsiz münasibət formalaşdırıb.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş