
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə əldə edilən razılaşma oldu. Bəs görəsən sözügedən Şuranın yaradılmasından azərbaycanlı iş adamlarının gözləntiləri nələrdir və bu platforma sahibkarlara hansı imkanları yaradacaq?
Məsələ ilə bağlı AZTURK Holding-in prezidenti Güləli Bağırov Newscenter.az-a bildirib ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasını alqışlayır və bu təşəbbüsün iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyinə inanır. Onun sözlərinə görə, Almaniya sənaye, innovasiya və yüksək texnologiyalar sahəsində dünyanın aparıcı dövlətlərindən biridir. Bu baxımdan, Azərbaycan biznesi üçün yeni tərəfdaşlıqların qurulması və qabaqcıl təcrübənin ölkəmizə gətirilməsi baxımından geniş imkanlar yaranır:

Lakin hesab edirəm ki, Biznes Şurasının fəaliyyəti yalnız görüşlər və protokol tədbirləri ilə məhdudlaşmamalıdır. Əsas məqsəd konkret nəticələr əldə etmək, sahibkarların qarşılaşdığı problemlərin operativ həlli, birgə investisiya layihələrinin reallaşdırılması və real iqtisadi dəyər yaradan əməkdaşlıqların formalaşdırılması olmalıdır.
Şura mütəmadi olaraq iş adamlarını bir araya gətirməli, B2B görüşləri təşkil etməli, investisiya forumları keçirməli, hüquqi və inzibati maneələrin aradan qaldırılması ilə bağlı dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynamalıdır. Nəticə etibarilə imzalanan memorandumların real layihələrə, yeni müəssisələrə, texnologiya transferinə, ixracın artmasına və yeni iş yerlərinin yaradılmasına çevrilməsi əsas hədəf olmalıdır".
Güləli Bağırov, "AZTURK Holding olaraq inanırıq ki, bu platforma praktik nəticələrə yönəldiyi təqdirdə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə, ölkəmizə yeni investisiyaların cəlb olunmasına və sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə ciddi töhfə verəcək. Ən vacibi isə odur ki, bu təşəbbüs kağız üzərində qalan bir qurum deyil, real nəticələr yaradan, sahibkarlara fayda verən və iqtisadi inkişafa xidmət edən effektiv əməkdaşlıq platformasına çevrilsin",-deyə vurğulayıb.
Süleyman












































