
Ömrünü Azərbaycanın tərəqqisinə, xalqının rifahına və dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etmiş Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, xüsusilə də ana dilimizin qorunmasına xüsusi önəm verirdi. Onun uzaqgörən siyasəti və prinsipial mövqeyi sayəsində Azərbaycan dili dövlətçilik ənənələrinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Onuda vurğulamaq istərdim ki, 1970-ci illərin ortalarından etibarən SSRİ-də həyata keçirilən mərkəzləşdirmə siyasəti milli dillərin inkişafına ciddi maneələr yaradırdı. Bir çox ittifaq respublikalarında olduğu kimi, Azərbaycanda da ana dilinin ictimai-siyasi və rəsmi sahələrdə istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq edilir, rus dilinin üstün mövqeyi daha da gücləndirilirdi. Belə mürəkkəb şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət və qətiyyət tələb edirdi. Lakin 1969-cu ildə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını və inkişafını öz fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevirdi. Onun prinsipial mövqeyi nəticəsində Azərbaycan dilinin nüfuzu tədricən yüksəldi, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olundu. Sonrakı dövrdə isə həyata keçirilən məqsədyönlü siyasət sayəsində ana dilinin tətbiq dairəsi genişləndirildi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıldı və Azərbaycan dili dövlətçiliyimizin əsas sütunlarından biri kimi daha da möhkəmləndi.
Bu gün əminliklə demək olar ki, ana dilimizin qorunması və inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Hər bir azərbaycanlı isə bu milli sərvətə həssas yanaşmalı, ana dilimizin saflığının qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verməlidir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































