
Bəzi psevdointellektuallarımız cəmiyyətdə anti-İslam ovqatının formalaşdırılması və dinimizin gözdən salınması üçün müsəlman dünyasında heç bir həmrəyliyin mövcud olmadığını tez-tez vurğulayır, gündəmə gətirirlər. Ancaq ötən gün Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə 40 mindən çox qeyri-qanuni miqrantın toplu şəkildə daxil olmasına sosial şəbəkələrin Azərbaycan seqmentində müşahidə olunan ifrat neqativ reaksiyalar, lağlağılar, isterik ittihamlar elə bizim özümüzün də real İslam həmrəyliyi anlayışından çox-çox uzaqda olduğumuzu ortaya qoydu.
Çoxsaylı paylaşım və rəylərdə sözügedən miqrant mərakeşlilərə "vəhşi ərəblər", "çəyirtkə sürüsü", "böyük Afrika köçü" kimi irqçi damğalar vuran soydaşlarımızın İslamı hədəf alan mövqeləri həqiqətən də heyrətləndiricidir. Həmin insanların "Hüzur İslamdadır, niyə Məkkəyə, Əfqanıstana yox, İspaniyaya qaçırsınız?", "Gedib Avropanı da müsəlmanlaşdırıb öz gününüzə salmaqmı istəyirsiniz?" tipli sualları, əslində, son vaxtlar cəmiyyətimizdə bəzi daxili və xarici qüvvələr tərəfindən altdan-altdan formalaşdırılmaqda olan anti-İslam əhval-ruhiyyəsinin göstəricisi, islamofobiyanın işartılarıdır. Məhz bu məqsədlə də onlar Mərakeşdən İspaniyaya üz tutan miqrant axınını heç bir geosiyasi analiz, iqtisadi və sosioloji təhlil aparmadan, dərhal İslam dini ilə, müsəlman aləminin tərəqqiyə "düşmənçiliyi" ilə bağlamağa çalışdılar. Və çox təəssüf ki, onlar bu məqsədlərinə bir xeyli dərəcədə nail oldular da.
Azərbaycanı Türk-İslam dəyərlərindən qoparmaq istəyən yabançı qüvvələr "ateizm" adı altında apardıqları hibrid savaşın, təbliğat kampaniyasının nəticələrini, "meyvə"lərini artıq dərməkdədirlər. Bu mənada dünən bir çox insanlarımızın mərakeşlilərə qarşı yazdığı kin, nifrət dolu rəyləri, yersiz rişxəndləri fransız, erməni, yunan, serb əsilli islamofobların analoji paylaşımlarından heçnə ilə fərqlənmirdi. Bir müsəlman ölkəsinin insanlarının öz dinimizdən olan mərakeşlilərə (paralel olaraq ərəblərə) qarşı bunca aqressiyası, dözümsüzlüyü Azərbaycan xalqına tarixən xas olan tolerantlıq, mərhəmət, şəfqət, rəhmlilik, xoşməramlılıq kimi xüsusiyyətlərimizlə daban-dabana ziddir.
Bəs, biz nə vaxt bu duruma gəldik? Bizim mərhəmət, sosial empatiya kimi hisslərdən uzaqlaşmağımızın, nonkonformist topluma çevrilməyimizin, həmrəylik xüsusiyyətimizi yadırğamağımızın səbəbi nədir? Axı Azərbaycan İslam dünyasındda vaxtilə həmrəyliyi ən çox təbliğ edən və bu istiqamətdə əməli işlər görən bir ölkə olub. Bəs, Mərakeşdən Seutaya miqrant axını nəyi göstərdi? Bu hadisə mövcud olmayan İslam həmrəyliyimizin "lakmus kağızı"na çevrildi. Yəni bu konkret hadisə cəmiyyətin gerçək mövqeyini üzə çıxaran test rolunu oynadı.
Məlum oldu ki, bizim İslam həmrəyliyimiz əslində mif imiş. İnsanlarımızın bir hissəsinin mərakeşlilərə və ümumən ərəblərə qarşı alçaldıcı, irqçi və islamofob ifadələr işlətməsi cəmiyyətdə anti-İslam ovqatının və humanitar empatiya çatışmazlığının ciddi şəkildə artdığını göstərir. Məlum miqrant axını ilə bağlı sosial şəbəkələrdəki aqressiv və irqçi reaksiyalar hazırda Azərbaycan cəmiyyətində İslam həmrəyliyinin əslində nə qədər zəif və bəzən də formal olduğunu göstərdi. Başqa sözlə desək, İslam həmrəyliyi real davranışda yox, sadəcə şüarlarda mövcuddur...
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































