
"Qırğızıstanda səfərdə olarkən cənab Prezident müttəfiqlik haqqında möhtəşəm bir ifadə işlətdi: "Müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq".
Bu mesaj dünyaya beynəlxalq münasibətlərdə dəyişən geosiyasi şərait fonunda tərəfdaşların qəbul etdikləri öhdəliklərə sadiqlik mesajıdır. Bu cümlələr türk dövlətləri arasında qarşılıqlı etimadı ön plana çıxaran bir mesajdır. Əlbəttə, müttəfiqlik münasibətləri böyük məsuliyyətin, yüksək siyasi etimadın və strateji uzaqgörənliyin təcəssümüdür".
Newscenter-az xəbər verir ki, bunları Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, həqiqi və ədalətli müttəfiqlik yalnız ortaq maraqları deyil, həm də ortaq dəyərləri, qarşılıqlı hörməti və qəbul edilmiş öhdəliklərə sarsılmaz sədaqəti ifadə edir:
"Bu gün dünyanın etibarlı müttəfiqlərə ehtiyacı var. Etibarlı müttəfiq sözünə sahib çıxır, tərəfdaşlarının təhlükəsizliyinə, sadiqliyinə və inkişafına dəstəyini əməli addımlarla nümayiş etdirir. Məhz bu məsuliyyət hissi uzunömürlü strateji əməkdaşlığın təməlini təşkil edir, regionda, eləcə də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu gün etibarlı əməkdaşlıq beynəlxalq münasibətlərdə hava və su kimi lazımdır. Biz uzun illər belə bir siyasi şəraitin yaranmasına çalışdıq, istər regionda, istərsə də dünyada. Yeni dünya nizamına uyğun yeni tələblərə ehtiyac vardır. Prezident böyük təmkinlə bu tələbləri dünyanın siyasi camiəsinə təqdim etdi".
Mərkəz rəhbəri qeyd edib ki, "Öz hissinə hakim olan insan dünyaya hakim ola bilər" ifadəsi ona görə deyilir:
"Biz təmkinlə böyük uğurlara imza atdıq, Zəfər ölkəsinə çevrildik. Yüksək təmkinlilik bizi yüksək, şərəfli mərhələyə qaldırdı. Öz siyasi, diplomatik və iqtisadi imkanlarımızı dəqiq və zamanında hesablayaraq, imkan sərhədlərimizi aşmamaqla həqiqətə və ədalətə çatdıq. Biz o haqqımızı ağlımızla və müdrikliyimizlə qazandıq. Bu, məhz məsuliyyətli idarəetmə yoludur. Bu gün təəssüflər olsun ki, bəziləri uğursuzluğun rəmzinə çevrilmiş bəzi siyasi böcəklər bu müdrikliyə kölgə salmağa çalışırlar. Amma çalışsalar da, onların bu Vətənə, millətə qarşı düşmənçilik cəhdləri arzu olaraq ürəklərində qaldı. Əvəzində isə özlərinə kölgə saldılar. Cəmiyyətə qazanılmış uğurları, həqiqətləri ədalətli şəkildə çatdırmaq əvəzinə, qısamüddətli şəxsi maraqların və nəticəsiz populizmin ardınca gedənlər uğursuzluğu simvolizə edən "siyasi böcəklər" adını qazandılar. Tarixdə isə yalnız məsuliyyətli qərarlar qəbul edən, xalqa xidmət edən və real nəticələr ortaya qoyan siyasi xadimlər yaşayır. Tarix də məhz onları yaşadır".
Süleyman












































