Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NeoOrdo layihəsinin icrası istiqamətində hansı işlər görülür?

NeoOrdo layihəsinin icrası istiqamətində hansı işlər görülür?


Güləli Bağırov: "Bizim üçün əsas məsələ tələsməkdən daha çox, hər bir addımı düzgün və qanunvericiliyə uyğun şəkildə həyata keçirməkdir"

Cari ilin may ayında AzTurk Holdinq şirkəti həyata keçirməyi nəzərdə tutduğu NeoOrdo Layihəsinin geniş təqdimatını keçirdi. Bəs, görəsən ötən müddət ərzində layihənin icrası istiqamətində hansı işlər görülüb? Bununla bağlı Newscenter.az olaraq şirkətin prezidenti Güləli Bağırova müraciət etdik.

AzTurk Holdinq prezidenti bildirib ki, NeoOrdo layihəsi ilə bağlı işlər planlaşdırılmış şəkildə davam edir. Güləli Bağırovun sözlərinə görə, layihənin miqyası və əhatə dairəsi kifayət qədər böyük olduğuna görə bəzi proseslər mərhələli şəkildə və müəyyən qədər yavaş irəliləyir:

"Lakin bizim üçün əsas məsələ tələsməkdən daha çox, hər bir addımı düzgün və qanunvericiliyə uyğun şəkildə həyata keçirməkdir.

Bu baxımdan dövlət qurumları ilə mütəmadi məsləhətləşmələr və görüşlər keçiririk. İqtisadi İnkişaf Nazirliyi ilə də bir neçə görüşümüz baş tutub və görüşlər uğurlu, konstruktiv şəraitdə keçib. Layihənin əsas istiqamətləri, investisiya imkanları və ölkə iqtisadiyyatına verə biləcəyi töhfələr barədə geniş fikir mübadiləsi aparılıb.

Sentyabr ayında xaricdə investisiya qoyuluşu ilə bağlı danışıqlar apardığımız bir sıra dostlarımızın və potensial investorların Azərbaycana səfəri gözlənilir. Həmin səfər çərçivəsində investorlarla görüşlərin keçirilməsi, layihənin təqdim olunması və gələcək mərhələlərin müzakirəsi nəzərdə tutulur".

Güləli Bağırov qeyd edib ki, bununla yanaşı, dövlət və hökumət nümayəndələrinin iştirakı ilə layihə üzrə geniş formatlı bir forumun keçirilməsi istiqamətində də hazırlıq və koordinasiya işləri aparılır:

"Məqsəd layihənin imkanlarını, investisiya potensialını və ölkə iqtisadiyyatına verə biləcəyi töhfələri beynəlxalq investorlar qarşısında daha geniş şəkildə təqdim etməkdir.

Biz bu layihəyə yalnız kommersiya layihəsi kimi deyil, uzunmüddətli strateji bir təşəbbüs kimi yanaşırıq. Buna görə də hər bir qərarın hüquqi, iqtisadi və texniki baxımdan düzgün əsaslandırılmasına xüsusi diqqət yetiririk. Dövlət qurumları ilə bütün məsələləri əvvəlcədən müzakirə və məsləhətləşmə yolu ilə həll etməyə çalışırıq ki, gələcəkdə hər hansı yanlış addıma və ya texniki səhvə yol verməyək.

Layihənin həyata keçirilməsi prosesində yerli şirkətlərin, mütəxəssislərin və əmək resurslarının mümkün qədər geniş şəkildə cəlb olunmasına, yeni iş imkanlarının yaradılmasına və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmasına da xüsusi önəm veririk".

AzTurk Holdinq prezidenti əmin olduğunu bildirib ki, qarşıdakı mərhələdə aparılan işlərin nəticələri daha aydın görünəcək:

"Sentyabr ayında planlaşdırılan görüşlər və investorların Azərbaycana səfərindən sonra layihənin növbəti mərhələsi ilə bağlı daha konkret və ətraflı məlumatları ictimaiyyətlə bölüşəcəyik.

Bizim əsas məqsədimiz böyük bir layihə haqqında sadəcə danışmaq deyil, onu düzgün planlaşdırılmış, hüquqi və iqtisadi baxımdan əsaslandırılmış şəkildə mərhələli olaraq reallaşdırmaqdır".

Süleyman
Xəbəri paylaş