
Araşdırma materialları bədənin mikrobiomunun şəxsiyyətə əvvəllər düşünüldüyündən daha çox təsir göstərə biləcəyini ortaya qoyub.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, alimlər bağırsaq və ağızdakı müəyyən mikrobların miqdarı ilə psixopatik şəxsiyyət xüsusiyyətləri arasında əlaqə tapıblar. Tədqiqatçılar, bu tədqiqatın mikrobiotanın psixopatik xüsusiyyətlərə töhfə verə biləcəyinə dair ilk dəlil təqdim etdiyini bildiriblər.
Bu xüsusiyyətlərə empatiyanın olmaması, antisosial meyllər, impulsivlik və eqoizm daxildir. Psixopatiyanın bioloji əsasları tam başa düşülməsə də, təkcə beyin strukturundakı dəyişikliklərin kifayət qədər izahat vermədiyi bildirilir.
Biotibbi alim Karolina Kosta və Portuqaliyadakı Porto Universitetindən olan komandası, tədqiqatda iştirak edən 200 sağlam yetkinin qan, tüpürcək və nəcis nümunələrini təhlil ediblər.
Təhlillər üç spesifik bakteriya növünün yüksək səviyyəsi ilə güclü psixopatik xüsusiyyətlər arasında müsbət korrelyasiya aşkar edib.
Bağırsaq mikrobiomunda Allisonella, Prevotella və Cloacibacillus evryensis-in yüksək səviyyələrinin bu meyllərlə əlaqəli olduğu aşkar olunub.
Tədqiqatçılar bu məlumatların birbaşa səbəb-nəticə əlaqəsi olmadığını, yalnız bir korrelyasiya olduğunu vurğulayıblar.
Allisonella-nın iltihabı tetiklemek potensialına malik olduğu, Prevotella-nın isə neyropatik psixiatrik pozğunluqlarla əlaqəli emosional proseslərə təsir etdiyi düşünülür.
Digər tərəfdən, ağız mikrobiomunda Treponema vincentii-nin yüksək səviyyəsi psixopatiyanın daha aşağı göstəriciləri ilə əlaqələndirilib.
Mütəxəssislər tədqiqatı psixopatik xüsusiyyətlərin bioloji izlərini anlamaqda mühüm bir addım kimi qiymətləndiriblər və bu məlumatlar gələcəkdə biomarker kimi istifadə edilə bilər.
Anar












































