
"ABŞ-Azərbaycan -Ermənistanın yaydığı yeni birgə bəyanatı yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım və uğur olaraq qiymətləndirmək olar".
Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, keçən ilin avqust ayının 8-də Vaşinqton görüşündə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın şahidliyi ilə birgə deklarasiya imzalandı:
"Ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, "Sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin" razılaşdırılmış mətninin paraflanması hadisəsi hüquqi baxımdan baş verdi. Həmin vaxt sənədin ratifikasiyası və imzalanması üçün əlavə addımların atılacağı açıq şəkildə qeyd edilib. Bir il sonra üçtərəfli bəyanat deyir ki, sülh artıq yalnız diplomatik sənədlərdə yox, həmçinin iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasında və inkişafında yer alır. Əslində isə burda Vaşinqton sazişinin kağız üzərində qalması faktı var. Bu amil yekun sülh sazişinin imzalanmasına mane olur, desək daha doğru olardı".
Ekspert qeyd edib ki, burada ən ciddi məsələ Ermənistan Konstitusiyasıdır:
"Azərbaycan yekun sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasında Azərbaycanin ərazi bütövlüyünün və Qarabağ üzərində suverenliyinin açıq şəkildə tanınması ilə əlaqələndirir. Bu məsələ hələ də öz həllini tapmayıb və Paşinyan hökuməti konstitusiya dəyişikliklərinə açıq olmalarını göstərsə də, lakin bunun üçün parlamentdə siyasi dəstəyi ala bilməyib. Bu baxımdan hesab edirəm ki, sülh sazişi prosesi artıq geriyə dönməsi çətin olan mərhələyə daxil olub, amma bununla paralel hüquqi və siyasi olaraq tam öz həllini tapmayaraq açıq olaraq qalmaqdadır. Əlbəttə ki, bütün bu bəyanatlar və baş verənlər yekun sülh sazişinə yaxınlaşdıran amillərdir. Əvvəllər "Azərbaycan və Ermənistan sülhə gedə biləcəkmi?" sualı ətrafında müzakirələr aparılırdı, indi isə artıq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ətrafında müzakirələr gedir. Bu öz-özlüyündə çox şeyi ifadə edir və hesab edirəm ki, Vaşinqton sənədi çərçivəsində formalaşmış sülh prosesi uğurla davam edəcək və iki ölkə arasında uzun illərdir davam edən münaqişəyə nəhayət nöqtə qoyulacaq".
Süleyman












































