
10 avqust 2026-cı il tarixində bir sıra media orqanlarında, o cümlədən "Toplummedia.tv" xəbər portalında, şirkətimizin Qırğızıstan Respublikasının İssık-Kul gölü sahilindəki və Zəngilan rayonundakı hotel layihələri üzrə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə yaşanan maliyyə mübahisəsinə dair məlumat yayılmışdır. "FLAX" MMC olaraq bu barədə ictimaiyyəti doğru məlumatlandırmağı zəruri hesab edirik.
Newscenter.az xəbər verir ki, bu fikirlər "FLAX" MMC-nin açıqlamasında əksini tapıb. Açıqlamada qeyd edilir:
"İlk növbədə vurğulayırıq ki, şirkətimiz uzun illərdir Azərbaycanda dövlət qurumları ilə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. Bu müddət ərzində Ağdamdakı Cümə məscidinin bərpası, Ağ şəhərdə yaşayış kompleksləri,və Zəngilan rayonlarında hotel infrastrukturunun yaradılması kimi mühüm layihələrdə iştirak etmək bizim üçün böyük qürur mənbəyidir. Biz bu tərəfdaşlığı yüksək qiymətləndirir və gələcəkdə də davam etdirilməsində maraqlı olduğumuzu bildiririk.
İrimiqyaslı tikinti və infrastruktur layihələrində olduğu kimi, zaman-zaman tərəflər arasında qarşılıqlı hesablaşmalar və kommersiya öhdəlikləri ilə bağlı fikir ayrılıqlarının yaranması təbii iş prosesidir. Qeyd olunan müqavilələr üzrə xidmət haqqının ödənilməsi ilə bağlı mövcud olan maliyyə məsələsi də məhz bu qəbildəndir. Sırf kommersiya və iqtisadi müstəvidə olan belə məsələlərin hər hansı fərqli kontekstlərdə şərh olunması və ya siyasiləşdirilməsi tamamilə əsassızdır".
"Əlavə olaraq bildiririk ki, sözügedən media materialının hazırlanması və yayılması ilə "FLAX" MMC-nin heç bir əlaqəsi yoxdur. Şirkətimiz həmin məlumatın mediaya ötürülməsini heç bir formada təşəbbüs etməmiş və bu prosesdə iştirak etməmişdir. Məlumatın mənbəyi bizə məlum deyil və bu məsələ ilə bağlı hər hansı təxminə əsaslanan şərh verməyi məqsədəuyğun hesab etmirik.
"FLAX" MMC ictimaiyyətə şəffaflıq nümayiş etdirməyə önəm verir və zərurət yarandığı təqdirdə, əlavə açıqlamalar təqdim etməyə hazırdır",-deyə şirkətin açıqlamasında bildirilir.
Süleyman












































