
"Bu gün Rusiya–Ukrayna müharibəsinin yaratdığı ən ağrılı məsələlərdən biri yalnız cəbhədə həlak olan Rusiya və Ukrayna vətəndaşlarının deyil, müxtəlif səbəblərlə bu müharibəyə cəlb edilən üçüncü ölkə vətəndaşlarının, o cümlədən Azərbaycan vətəndaşlarının taleyidir.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 3 fevral 2026-cı il tarixli rəsmi məlumatında Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda Azərbaycan vətəndaşlarının iştirak etdiyi, onların bir qisminin həlak olduğu, itkin düşdüyü, yaralandığı, bəzilərinin isə əsirlikdə saxlanıldığı açıqlanıb. Bu fakt artıq məsələyə yalnız ayrı-ayrı şəxslərin fərdi qərarı kimi deyil, Azərbaycan vətəndaşlarının həyatı, təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələsi kimi yanaşmağı zəruri edir".
Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. O bildirib ki, Azərbaycan Respublikası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apararkən nə Ukrayna vətəndaşlarını, nə Rusiya vətəndaşlarını, nə də digər dövlətlərin vətəndaşlarını sistemli şəkildə müharibəyə cəlb etmək siyasəti yürütmüşdür:
"Bu yanaşma Azərbaycanın dövlətçilik və beynəlxalq hüquq anlayışının mahiyyətinə uyğundur. Bu baxımdan Azərbaycan dövlətinin Rusiya və Ukrayna tərəflərinə diplomatik kanallarla prinsipial mövqeyini bildirməsi, Azərbaycan vətəndaşlarının hər hansı qanunsuz silahlı birləşmələrə, muzdlu fəaliyyətə və ya xarici dövlətlərin hərbi əməliyyatlarına cəlb edilməsinin qarşısının alınmasını tələb etməsi tamamilə legitim və zəruri məsələdir.
Burada söhbət hansı tərəfin haqlı, hansı tərəfin haqsız olmasından daha böyük bir problemdən gedir: insan həyatının siyasi məqsədlərə qurban verilməsindən.
Azərbaycanın mövqeyi nə Rusiyaya qarşı düşmənçilik, nə də Ukraynaya qarşı münasibət məsələsi olmalıdır. Mövqe beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalıdır: dövlətlərin suverenliyi, ərazi bütövlüyü, güc tətbiqindən çəkinmə, münaqişələrin dinc yolla həlli və insan hüquqlarına hörmət".
Səftər Rəhimli hesab edir ki, Azərbaycan yalnız rəsmi diplomatik müstəvidə deyil, Rusiya və Ukraynanın ziyalılarına, alimlərinə, hüquqşünaslarına, tarixçilərinə, filosoflarına, jurnalistlərinə və ictimai xadimlərinə də müraciət etməlidir:
"Çünki müharibələrin başlanması bəzən siyasi qərarların nəticəsi olur, lakin onların bitməsi yalnız siyasi qərarlarla deyil, həm də cəmiyyətlərin düşüncə tərzinin dəyişməsi ilə mümkün olur.
Artıq 1917–1921-ci illər deyil. XXI əsrdə dövlətlərin taleyini yalnız hərbi güclə müəyyənləşdirmək mümkün deyil. Müasir Ukraynanı sırf hərbi yolla “işğal etmək” və ya milyonlarla insanın iradəsini hərbi güc vasitəsilə uzunmüddətli şəkildə dəyişdirmək real və dayanıqlı siyasi nəticə doğura bilməz. Eyni zamanda Ukraynanın təhlükəsizliyi də Rusiyanın təhlükəsizlik narahatlıqlarının tamamilə nəzərə alınmadığı bir sistemdə təmin edilə bilməz.
Ona görə də hər iki tərəfin təhlükəsizlik maraqlarının, lakin beynəlxalq hüququn əsas prinsiplərindən kənara çıxmadan, bir masa arxasında müzakirəsi üçün yeni siyasi fəlsəfəyə ehtiyac var".
O deyib ki, 2014-cü ilin fevralından sonra Krım ətrafında baş verən hadisələrdən etibarən yaranmış vəziyyət bu gün daha böyük və daha mürəkkəb müharibəyə çevrilib:
"BMT Baş Assambleyasının 27 mart 2014-cü il tarixli 68/262 saylı qətnaməsi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü təsdiqləmişdi. Bu sənəd həm də mübahisələrin güc yolu ilə deyil, siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini göstərən mühüm beynəlxalq hüquqi-siyasi çərçivədir.
Deməli, çıxış yolu yeni ərazilərin ələ keçirilməsində deyil, beynəlxalq hüquqa əsaslanan siyasi danışıqların bərpasında və 2014-cü ildən sonra yaranmış böhranın kökündən həlli üçün yeni diplomatik mexanizmin yaradılmasındadır.
Bu müharibənin həqiqətən də “sonu” yoxdur. Çünki hər yeni hücum yeni əks-hücuma, hər yeni silah yeni silaha, hər yeni ölüm yeni qisas hissinə səbəb olur. Nəticədə Rusiya və Ukrayna xalqları ilə yanaşı, bütün region xalqları siyasi, iqtisadi və humanitar itkilərlə üz-üzə qalırlar.
Milyonlarla insan öz evindən didərgin düşüb. Rusiya və Ukraynadan qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanların həyat hekayələri göstərir ki, xəritədə dəyişən sərhədlərin, siyasi şüarların və geosiyasi hesablamaların arxasında real insan taleləri dayanır".
Səftər Rəhimli bildirib ki, müharibənin iqtisadi nəticələri də artıq iki ölkənin sərhədlərini çoxdan keçib:
"Enerji, ərzaq, logistika, maliyyə, ticarət və investisiya sistemlərində yaranan dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərir. Bu mənada müharibənin davam etməsindən siyasi və iqtisadi maraq əldə edən müxtəlif güc mərkəzləri ola bilər, lakin müharibənin əsl sosial və humanitar qiymətini sadə insanlar ödəyirlər.
Azərbaycanlıların bu müharibəyə cəlb olunması isə bizim üçün ayrıca milli məsələdir.
Azərbaycan dövləti öz vətəndaşının harada olmasından asılı olmayaraq onun həyatının və təhlükəsizliyinin qorunmasında maraqlı olmalıdır. Azərbaycan vətəndaşı hansısa xarici siyasi və ya hərbi məqsəd naminə cəbhəyə göndərilən “canlı qüvvə” deyil. Onun həyatı Azərbaycanın milli sərvətidir.
Bu səbəbdən Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə diplomatik münasibətlərindən istifadə edərək aydın və prinsipial mesaj verməlidir:
Azərbaycan vətəndaşlarının bu müharibəyə cəlb edilməsini, qanunsuz silahlı birləşmələrdə istifadə olunmasını, həyatlarının təhlükəyə atılmasını və nəticədə həlak olmalarını qəbul etmirik.
Eyni zamanda hesab edirk ki, Azərbaycan özünün müstəqil xarici siyasət imkanlarından istifadə etməklə Rusiya və Ukrayna ziyalıları arasında “müharibəni necə qazanmaq?” deyil, “müharibəni necə dayandırmaq?” mövzusunda intellektual dialoqun təşkilinə təşəbbüs göstərə bilər.
Bəlkə də bu gün siyasətçilərdən daha çox tarixçilərin, hüquqşünasların, filosofların, iqtisadçıların, din xadimlərinin, jurnalistlərin və sadə vətəndaşların səsinə ehtiyac var.
Çünki xalqların gələcəyini yalnız generallar və silahlar müəyyən etməməlidir.
Rusiya xalqının da, Ukrayna xalqının da sülhə haqqı var. Azərbaycan xalqının da bu müharibədən kənarda qalmaqla yanaşı, öz vətəndaşlarının ölümə göndərilməsinə qarşı çıxmaq və sülh çağırışı etmək haqqı var".
Onun qənaətincə, bu gün əsas məsələ kimin qalib gəlməsi deyil:
"Əsas məsələ insanlığın məğlub olmamasıdır. Dünya dəyişir. XXI əsrin problemlərinə XX əsrin hərbi düşüncəsi ilə cavab vermək mümkün deyil. Yeni dünya nizamının qurulması yeni ərazilərin fəthi ilə deyil, qarşılıqlı təhlükəsizlik, beynəlxalq hüquq, siyasi dialoq və insan həyatına hörmət prinsipləri əsasında mümkün olacaq".
Süleyman











































