
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkə arasında formalaşmış yüksək səviyyəli münasibətlərin və strateji tərəfdaşlığın növbəti mühüm göstəricisi oldu. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan–Özbəkistan əməkdaşlığının mövcud istiqamətlər üzrə daha da dərinləşdirilməsi ilə yanaşı, yeni imkanların və perspektivlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Səfər çərçivəsində hər iki ölkə başçısının mətbuata bəyanatla çıxış etməsi də dövlətlərarası münasibətlərin əsas istiqamətləri barədə mühüm mesajların ifadə olunmasına imkan yaratdı.Doğma Partiyamızın Sədri Cənab İlham Əliyev çıxışında iqtisadi əlaqələrin hazırkı dinamikasına toxunaraq, iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması hədəfinin artıq uzaq perspektiv kimi deyil, qarşıdakı bir neçə il ərzində reallaşdırılması mümkün olan konkret nəticə kimi nəzərdən keçirildiyini bildirdi.
Həmçinin ölkə başçısı Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız iqtisadi və siyasi əlaqələrlə məhdudlaşmadığını, sosial və humanitar sahələrdə də özünü konkret layihələrlə göstərdiyini vurğuladı. Bu baxımdan Özbəkistanın Qarabağın bərpası prosesində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Qardaş Özbəkistan tərəfindən Füzuli şəhərində müasir standartlara uyğun məktəb binasının inşa edilərək istifadəyə verilməsi iki ölkə arasında dostluq və həmrəyliyin real nümunələrindən biridir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimad, möhkəm dostluq və ortaq maraqlar üzərində qurularaq müxtəlif istiqamətlərdə ardıcıl şəkildə inkişaf edir. Bu uğurlu əməkdaşlığın formalaşması və yeni mərhələyə yüksəlməsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən xarici siyasətdir. Məhz dövlət başçısının təşəbbüsləri və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri möhkəmlənir, qarşılıqlı əməkdaşlığın coğrafiyası genişlənir və xalqlarımızın rifahına xidmət edən yeni birgə layihələr həyata keçirilir.
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı











































