
“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə 44 günlük Vətən müharibəsi başladı. Müharibə Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən birinə çevrildi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra rayonları, şəhərləri, kəndləri və strateji yüksəklikləri işğaldan azad etdi. Xüsusilə 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin taleyində mühüm dönüş yaratdı.
44 gün davam edən müharibədən sonra 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması elan edildi. Sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutuldu. 2020-ci il Zəfəri nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində böyük tarixi addım atdı. Bununla belə, Qarabağ bölgəsinin müəyyən hissəsində Ermənistan silahlı qüvvələrinin mövcudluğu davam edirdi”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O bildirib ki, 2020-ci ilin noyabrında əldə edilmiş razılaşmadan sonra Azərbaycan öz ərazilərində normal həyatın bərpasına, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və regionda sülhün təmin edilməsinə çalışdı:
“Lakin hələ də Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları qalmaqda davam edir, bölgəyə silah-sursat və hərbi texnika gətirilir, müxtəlif təxribatlar törədilirdi. Bu vəziyyət Azərbaycan ərazisində dövlət suverenliyinin tam təmin olunmasına maneə yaradırdı. Beləliklə, 2020-ci il Vətən müharibəsindən sonra qarşıda duran əsas məsələlərdən biri Azərbaycan Respublikasının suverenliyinin bütün ərazidə tam şəkildə təmin edilməsi idi. 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində baş verən genişmiqyaslı təxribatlardan sonra Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı. Antiterror tədbirlərinin əsas məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah və ərazidən çıxarılması, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin dayandırılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi idi. Antiterror tədbirləri 24 saatdan az müddətdə başa çatdı. Sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin qalıqları silahı yerə qoymağa və müəyyən edilmiş şərtləri qəbul etməyə məcbur oldular”.
Arzuman Muradlı qeyd edib ki, 2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yeni mərhələnin başlanğıcına çevrildi:
“2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Sərəncamda xüsusi olaraq vurğulanır ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edilmiş və dövlət suverenliyi bərpa edilmişdir. Buna görə də sentyabrın 20-si milli təqvimdə mühüm dövlətçilik günü kimi təsbit olunmuşdur”.
Süleyman












































