
Müxalifət olmaq hakimiyyətin hər dediyini tənqid etmək, yaxud hər addımına etiraz etmək demək deyil. Əsl müxalifət dövlətin maraqlarını nəzərə alaraq problemləri vaxtında göstərməyi, fərqli fikir və alternativ yanaşma ortaya qoymağı bacarmalıdır. Tənqid dağıtmaq üçün deyil, daha düzgün qərarların qəbuluna kömək etmək üçün səslənəndə faydalıdır.
Bu baxımdan ölkədə sağlam siyasi mühitin olması hər kəs üçün vacibdir. Çünki qarşıdakı təhlükələri və riskləri yalnız dövlət qurumları deyil, siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır.
Prezident İlham Əliyevin çıxışlarında da zaman-zaman gələcək proseslərlə bağlı ciddi mesajlar səslənir. Sentyabrın 17-də TDT-nin təhlükəsizlik üzrə rəhbərləri ilə görüşdə “ətrafımızda müharibələr gedir” və “müharibələrin nə sonu, nə də qurtaracağı görünür” fikirləri də belə mesajlardan biridir.
Dünyada proseslər sürətlə dəyişir. Müharibələrin coğrafiyası genişlənir, qarşıdurmalar dərinləşir. Belə bir vəziyyətdə dövlətin yalnız bugünkü problemlərə deyil, sabah yarana biləcək risklərə də hazır olması vacibdir. Bunun üçün isə təkcə dövlət strukturlarının fəaliyyəti kifayət deyil. Güclü siyasi institutlar, real siyasi dialoq, sağlam tənqid və alternativ fikirlər də lazımdır.
Məncə, bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır. Müxalifətin də öz məsuliyyəti var susmamaq, amma məsuliyyətsiz danışmamaq tənqid etmək, amma dövlət maraqlarını da unutmamaq.
Milli Cəbhə Partiyası - MCP sədrinin müavini Ehtiram Mehtiyev












































