Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din məsələsinə qarşıdurma yaratmadan, hörmət və həssaslıqla yanaşmaq lazımdır

Din məsələsinə qarşıdurma yaratmadan, hörmət və həssaslıqla yanaşmaq lazımdır


Cənab Prezident müxtəlif çıxışlarında Azərbaycanın İslam dəyərlərinə bağlılığından, İslamofobiyaya və İslama qarşı ədalətsiz hücumların yolverilməzliyindən danışıb. İslamın sülh, qardaşlıq, mərhəmət və xeyirxahlıq dini olduğunu vurğulayıb. Son günlərdə dini rəhbərlərlə görüşündə də ölkəmizin dini-mənəvi dəyərlərinin və İslam dünyası ilə həmrəyliyinin əhəmiyyətini bir daha qeyd edib.
Məncə bu yanaşma bizə bir şeyi də xatırladır: Din məsələsinə qarşıdurma yaratmadan, amma hörmət və həssaslıqla yanaşmaq lazımdır. Məktəblərdə vahid geyim qaydasının öz məqsədləri ola bilər. Buna hörmətlə yanaşmaq mümkündür. Amma söhbət bir şagirdin öz inancına uyğun baş örtüyü taxmaq istəyindən gedirsə, burada bir az da vicdanla düşünməliyik. Bir qız məktəb formasını geyinir, amma inancına görə başını örtmək istəyir. Biz onun nə geyindiyinə baxmalıyıq, yoxsa necə insan olduğuna?
Bəzisi başıaçıq gəzir, bəzisi başını örtür. Bəzisi dindardır, bəzisi dindar deyil. Birinin seçimi digərinin hüququnu pozmursa, fərqlilik niyə problemə çevrilməlidir? Dünyəvilik də məncə İslama qarşı olmaq deyil. Dünyəvilik insanların inanıb-inanmamasından asılı olmayaraq onların hüquqlarına hörmət etməkdir. Azərbaycan Konstitusiyasının 48-ci maddəsi də vicdan azadlığını və insanın öz dini etiqadını müəyyənləşdirmək hüququnu təsbit edir. Ona görə bu məsələni İslamla dünyəvilik arasında qarşıdurmaya çevirməməliyik.
Nə başıörtülünü başıaçıq olana qarşı qoymalıyıq, nə də başıaçığı başıörtülüyə qarşı qoymalıyıq. Uşaqlarımıza yalnız eyni formada geyinməyi yox, bir-birinin seçiminə hörmət etməyi də öyrətməliyik. Çünki sabah qorumaq istədiyimiz haqq, bu gün başqasının haqqı ola bilər.

Asim Vəliyev
Xəbəri paylaş