
"2026-cı ilin avqust ayının sonuna Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22,97 milyon ədədə çatıb. Bunun təxminən 20,95 milyonu debet, 2,02 milyonu isə kredit kartlarıdır.
Müqayisə üçün, ötən ilin eyni dövründə debet kartlarının sayı təxminən 19 milyon idi. Beləliklə, cəmi bir il ərzində debet kartlarının sayı 1,94 milyon ədəd və ya 10,2% artıb".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı ekspert Əyyub Kərimli deyib. Onun sözlərinə görə, rəqəmlərin miqyasını göstərən başqa bir göstərici hazırda ölkədə hər nəfərə orta hesabla 2-dən çox debet kartın düşməsidir:

"Amma burada mühüm bir məqam var: 20,95 milyon debet kartı 20,95 milyon kart sahibi demək deyil. Bir vətəndaşın müxtəlif banklarda bir neçə kartı ola bilər. Buna görə də “dövriyyədə olan kart” və “aktiv kart sahibi” anlayışlarını fərqləndirmək lazımdır.
Məhz bu fonda bankların eyni valyutada ikinci debet kartının verilməsinə tətbiq etdiyi yeni məhdudiyyət diqqət çəkir".
İqtisadçı hesab edir ki, bu addımın əsas iqtisadi nəticələrindən biri istifadə olunmayan və ya aşağı aktivliyə malik əlavə kartların sayının tədricən azalması ola bilər:
"Digər tərəfdən, banklar arasında kart müştərisi uğrunda rəqabətin xarakteri dəyişə, vətəndaşlar isə yeni kart sifariş edərkən daha seçici davranmağa başlaya bilərlər. Lakin məhdudiyyətin real miqyasını qiymətləndirmək üçün ən vacib statistika hələ də unikal şəxslər üzrə aktiv debet kartlarının sayı və bir şəxsin orta hesabla neçə aktiv karta sahib olmasıdır. Dövriyyədə olan 21 milyona yaxın debet kartının nə qədərinin ikinci, üçüncü və sonrakı kartlardan ibarət olduğunu bilmədən məhdudiyyətin təsirini tam hesablamaq çətindir".
Süleyman











































