
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası uşaqların bütün zorakılıq formalarından qorunması sistemini gücləndirməyə yönəlmiş qanun layihəsini birinci oxunuşda qəbul edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, qanun layihəsi Senat tərəfindən təsdiqlənər, prezident tərəfindən imzalanarsa və normalar dəyişməz qalarsa, uşaqlara qarşı cinsi və digər ağır cinayətlərə görə cəzalar artırılacaq. Həmçinin, uşaq qurbanlarının istintaq və məhkəmədə müdafiəsi genişləndiriləcək, valideynlərin, təhsil işçilərinin və məsul şəxslərin məsuliyyəti artacaq.
Dəyişikliyə əsasən 14 yaşına çatmamış uşağın ləyaqətini alçaltdığına və ya cinsi ehtiyacları qeyri-təbii şəkildə zorla təmin etdiyinə görə uzunmüddətli və ya ömürlük həbs cəzası tətbiq ediləcək.
Bundan başqa uşağın cinsi azadlığına qarşı cinayət törətmiş şəxs məsuliyyətə cəlb edilmə müddətinin bitməsinə görə məsuliyyətdən, cəzanın çəkilmə müddətinin bitməsinə görə isə cəzadan azad edilmir.
Yetkinlik yaşına çatmayan şəxsə qəsdən ağır və ya orta dərəcədə ağır bədən xəsarəti yetirilməsi ağırlaşdırıcı hal hesab olunur.
Yetkinlik yaşına çatmayan şəxsi antisosial davranışa cəlb etməyə görə cəza artırılacaq.
Uşağın şübhəli şəxslə üzləşdirilməsi proseduru dəyişdiriləcək.
Anar











































