
Ötən gün guya Azərbaycanda hicab qadağası mövcuddur və buna qarşı mübarizə adı altında bir qrup şəxsin ictimai asayişi pozması cəmiyyətdə haqlı olaraq etiraza səbəb olub və belə addımlar birmənalı olaraq qınanılıb. Həmin təxribat xarakterli hərəkətlər zamanı diqqəti çəkən məqamlardan biri uşaqların həmin aksiyalara cəlb edilməsi olub. Uşaqların siyasi maraqlar naminə, dövlətçilik əleyhinə başladılan təxribatçı hərəkətlərə cəlb edilməsi birmənalı olaraq pislənilib. Elə sabiq millət vəkili Aynur Sofiyeva da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, keçmiş millət vəkili qeyd edib ki, uşaqlardan müxtəlif məqsədlər üçün, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan məqsədlər üçün istifadə olunması, habelə həyat və sağlamlıqlarının təhlükə altına atılması uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır:
"Bu cür əməllər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və “Uşaq hüquqları haqqında” Qanunun 23.2 və 41.2-ci maddələrinə zidd olmaqla, əməlin xarakterindən və konkret hüquqi tərkibindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər".
Süleyman










































