BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda, Bakı şəhərində keçirilməsinə qədər çox çalışdılar. Maksimum dərəcədə səy göstərdilər ki, ölkəmizin, Bakının belə bir mötəbər, qlobal əhəmiyyətli bir tədbirə evsahibliyi etməsi alınmasın, baş tutmasın. COP29 boykot olunsun. Ancaq alınmadı. Bacara bilmədilər. Necə ki, eyni oyunu, təxribatı Evrovision, İslam Həmrəylik Oyunları, Birinci Avropa Oyunları, Formula-1 yarışları ərəfəsində oynadılar. Sadaladığımız mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin qarşısını almağa çalışdılar. Paralel olaraq Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy yaradılması istiqamətində kampaniya aparıldı. Hər dəfə də eyni mövzu, eyni təkrarçılıq. Necə ki, bəzi siyasi liderlər hələ də meydan təfəkküründən, mitinq, piket ab-havasından qurtula bilməyib, eyni ilə də bəzi Qərb, Avropa təsisatları, ayrı-ayrı ölkələr, müəyyən beynəlxalq QHT-lər hələ də eyni havanın zümzüməsi ilə məşğuldurlar.
Qərbdə, Avropadakı AntiAzərbaycan qruplaşmasının Azərbaycanı hədəf seçdiyi məsələlərdən biri insan haqlarıdır. Guya Azərbaycanda insan haqları pozulur. Öz ölkələrində, lap elə Azərbaycana qarşı kampaniyanın başında yer alan Fransanın paytaxtı Parisdə, Makronun iqamətgahinin bir addımlığında dinc şəkildə aksiya keçirən vətəndaşı fransız polisinin yerdə sürüməsi, yaxud onun üzərinə xüsusi təlim keçmiş itin salınması insan haqlarının pozulması demək deyilmiş də, ancaq Qarabağı könüllü şəkildə tərk edən ermənilərə sərhəd keçid məntəqəsində rahatlıqları üçün hər cür şəraitin yaradılması, yaxud Xankəndini tərk etmək istəməyən erməni sakinləri üçün indiyə qədər Ermənistan dövlətinin göstərmədiyi diqqət və qayğının məhz Azərbaycan tərəfindən göstərilməsi, onlar üçün ən yüksək səviyyədə şəraitin yaradılması insan haqlarının pozulması imiş. Bir başqa misal. Qeyri-qanuni fəaliyyət, qanunsuz yollarla ölkəyə pul gətirmək və ya ölkədən pul çıxarmaqla məşğul olan media nümayəndəsinin peşə fəaliyyətinə görə deyil, məhz qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi insan haqlarının pozulması kimi qəlımə verilir. Nə qədər məntiqsiz yanaşmadır, deyilmi?
Yaxud, bir başqa məntiqsiz yanaşma və absurd fikirlərin pik həddi. Azərbaycan neft və qaz ölkəsi olduğu üçün guya burada COP29 keçirilə bilməz. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının indiyə qədər keçirildiyi ölkələrin iqtisadiyyatına nəzər yetirdikdə bu kampaniyanın Azərbaycanaı hədəf seçmək məqsədilə başladıldığı üzə çıxmış olur. Məsələn, 2012-ci ildə sayca 19-cu dəfə keçirilən konfrans neft və qaz ölkəsi kimi tanınan Qətərdə baş tutub. Yaxud, elə COP28 keçən il eyni sektor üzrə inkişaf edən BƏƏ-də keçirildi. Eləcə də müxtəlif illərdə COP konfranslarının təşkil edildiyi Fransa, Hindistan, eləcə də digər ölkələr heç də aydan arı, sudan duru deyillər və həmin ölkələrin ekologiya, ətraf mühiitə vurduqları zərər neft və qazın vurduğu zərərdən qat-qat çoxdur. Deməli şərçilərin, COP-29a qarşı çıxan GOP-çuların antiAzərbaycan təxribati işə yaramadı və ümidlər həmişəki kimi puça çıxdı.
Onlara ən yaxşı cavab isə Cənab Prezident İlham Əliyevin konfransın açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi boykotu təşviq edənlərə ən pis xəbər 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçının olması idi. Dövlət başçısının dediyi kimi onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər vardı. Beləliklə, Cənab Prezidentin dediyi kimi dünya Bakıya toplaşdı və Azərbaycan daha bir mötəbər tədbirə ən yüksək səviyyədə evsahibliyi etdi.
İlham Məmmədov, Milli Məclisin deputatı