
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar. İsrail səfirliyinin sözçüsü bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib. Bu hadisə son zamanlar iki dövlət arasında onsuz da gərgin olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, bir müddət əvvəl “The Times” qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə münasibətlərdə səbrini itirməyə başlayıb:
"Münasibətlərin kəskinləşməsinin əsas səbəbi Trampın ritorikasında meydana gələn dəyişiklikdir. Ağ Ev rəhbəri hakimiyyətinin əvvəlkində hər nə qədər İran və Yəməndəki husiləri tənqid etsə də, daha sonradan Omanda İranla danışıqları bərpa etdi, husilərlə isə razılığa gəlindi. İsrailin Trampdan gözlədiyi isə tamam əks mövqeyi idi. Ancaq ABŞ onun dövründə İranla daha da yaxınlaşmaq siyasətini seçdi".
Politoloq qeyd edib ki, Omanda aparılan danışıqlarla bağlı hər iki tərəfdən verilən müsbət mesajlar münasibətlərin düzəlmə mərhələsində olduğunu göstərir:
"Eyni zamanda İsrail Yaxın Şərqdə də özünə ciddi problem yaradan husilərlə mübarizə üçün ABŞ - ın dəstəyinə ümid bağlayırdı. Aydındır ki, husiləri bitirmək üçün Yəməndə quru əməliyyatının həyata keçirilməsi şərtdir. İsrailin bu əməliyyatı tək başına həyata keçirəcək gücü yoxdur. Tramp ilk öncə Netenyahunun bu istəyinə müsbət baxsa da daha sonra husilərlə anlaşma yolunu seçdi. Qeyd etmək yerinə düşər ki, iki liderin münasibətləri Trampın 2016 - 2020 - ci illərdəki hakimiyyəti dövründə olduqca müsbət idi. Ancaq 2020 - ci il seçkilərində Benyamin Netanyahunun Donald Trampın rəqibi Co Baydeni seçkidə qalib gəlməsi münasibəti ilə təbrik etməsi münasibətlərdə soyuqluğun əsasını qoydu. Bundan sonra Tramp bir neçə dəfə Netenyahunun siyasətini tənqid edib".
Anar Əliyev