Newscenter.az.28.10.2021. Bir sıra tarixi əsərlər müəllifi, hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseynovun yeni kitabı işıq üzü görüb. «Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır» adlı kitabda Qarabağla bağlı tarixi faktlar, reallıqlar öz əksini tapıb. Müəllif yeni çapdan çıxmış olan kitabını həm də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinə həsr edib.
Cahangir Hüseynov deyib ki, «Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır» kitabı Qarabağla bağlı bütün gerçəklikləri özündə əks etdirib. Kitabın yazılıb işıq üzü görməsinə yaranan zərurət barədə danışan Cahangir Hüseynov qeyd edib ki, bütün dövrlərdə, xüsusilə son 30 ildə Qarabağ hər bir azərbaycanlı üçün çox əziz, doğma bir məkan olub və respublikamızın bu dilbər guşəsi qeyd edilən illər ərzində çox əzablı günlər yaşayıb:
«Məlum olduğu kimi torpaqlarımızın 20 işğala məruz qaldı. 1 milyondan artıq insan 30 ilə yaxın qaçqın və məcburi köçkünə çevrilərək evsiz-eşiksiz, yurd-yuvasız qaldı. İkinci Qarabağ müharibəsində tarixi Zəfər əldə edərkən belə bir qərara gəldim ki, özümü bu sahədə də sınayım. Məlumat üçün qeyd edim ki, indiyə qədər də bir neçə kitabım işıq üzü görüb. Bu sıraya «Mənim fikir və düşüncələrim», «Azərbaycan Nadir Əfşar dövləti», eləcə də xidməti-siyasi fəaliyyətimə dair 6-ya yaxın kitabım həm Bakıda, həm də İstanbulda nəşr olunub. Paralel olaraq bu sahədə də özümü sınamağı qərarlaşdırdım və qeyd edilən kitab işıq üzü gördü».
Tarixi Zəfərin ildönümünün yaxınlaşdığını diqqətə çatdıan Cahangir Hüseynov müəllifi olduğu kitabın təqdimat mərasiminin də məhz həmin ərəfədə baş tutacağını vurğulayıb. Keçmiş millət vəkili onu da deyib ki, kitabda Birinci və İkinci Qarabağ müharibəsi ilə yanaşı, eyni zamanda Qarabağın bütün tarixi, eramızdan əvvəldən tutmuş müasir dövrə qədər olan dövrü araşdırılıb:
«Təbii ki, bu Azərbaycan tarixçiləri tərəfindən araşdırılıb yazılsa da, bütün halda bu sahədə bizim əsərlərimiz azdır. Ermənilər Dağlıq Qarabağ, qondarma soyqırım barədə dünyanın əksər ölkələrində 30 min adda kitablar nəşr ediblər. Təəssüflər olsun ki, Azərbaycanda, eləcə də qardaş Türkiyədə bu istiqamətdə 200-300-dən artıq əsər yoxdur. Son dövrlərdə təbii ki, hər bir yazar, vətəndaş müxtəlif vasitələrdən istifadə edərək öz sözünü deyir və həmin fikirlər, ortaya qoyulan əsərlər də maraqlıdır onlardan da istifadə edilməlidir. Lakin tarixi əsərlər nə qədər çox yazılsa, bunlar gələcəkdə həm Azərbaycan xalqı, həm də dünya ölkələri üçün çox önəmli olar. Mən də bü zəruriliyi nəzərə alaraq belə bir kitab nəşr etdirdim».
Cahangir Hüseynov 5 fəsildən ibarət olan kitabda Qarabağın Vətən müharibəsi, Qarabağın Alban-Aran dövrü, Qarabağın bəylərbəylikləri, xanlıqları dövrü, Dağlıq Qarabağın status məsələləri, eyni zamanda erməni terroru və uydurma soyqırımla bağlı materiallar, Azərbaycan və dünya tarixi yazarlarının əsərlərindən faktlar əksini tapıb. Cahangir Hüseynov kitabın sonunda əksini tapan sülh müraciətindən də danışıb:
«Bütün müharibələrin sonu sülhlə bitdiyi kimi bu müharibənin də sonu sülhlə yekunlaşmalıdır. Çox təəssüflər olsun ki, bu müharibə nəticəsində 50 minə yaxın insan həlak oldu, milyonlarla insan ev-eşiklərindən didərgin salındı, şəhər və kəndlərimiz viran olundu. Həmçinin dini və mədəni abidələrimiz dağıdıldı. Bu ermənilərin XX əsrdə bəşəriyyətdə törətdikləri ən böyük cinayət idi. Düzdür, torpaqlarımızı müharibə yolu ilə azad etdik və ərazilərimiz düşməndən təmizləndi. Lakin tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır. Cənab prezident İlham Əliyev də bir müddət əvvəl BMT-nin 76-cı sessiyasında çıxışı zamanı bildirdi ki, sülhün alternativi yoxdur. Yəni, artıq biz sülh danışıqlarına getməliyik. Ona görə də mən kitanın sonunda hər iki ölkənin, həm Azərbaycan, həm də Ermənistanın dövlər rəhbərləri, parlament sədrləri, dini rəhbərləri, siyasi partiya liderləri və QHT-lərinə müraciət ünvanlamışam. Həmin müraciət bir neçə dildə çap edilib. İngilis, fransız, türk, rus, erməni dillərində çap olunan müraciətləri həm erməni cəmiyyəti, bu ölkənin rəsmi və qeyri-rəsmi dairələri, həm də dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqətinə çatdıracağıq. Biz çalışırıq ki, Qafqazda sülh, sabitlik olsun, xalqların güzəranı, daha da yaxşılaşsın. Hər birimizin məqsədi, amlı budur»..
Cahangir Hüseynov onu da vurğulayıb ki, tarixi bilmək olduqca zəruridir. Çünki tarix milli dəyərimizdir. Müəllif sonda bütün Azərbaycan xalqını, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Qeyd edək ki, «Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır» kitabının bir sıra xarici dillərə tərcümə olunaraq çap edilməsi də nəzərədə tutulub. Kitabda bu günə qədər Qarabağla bağlı bilmədiyimiz bir çox həqiqətlər öz əksini tapıb. Müəllif kitabda ermənilərin Qarabağa köçürülərək burada yerləşdirilməsi, Sovet Rusiyası bu bölgə ilə bağlı siyasətindən də bəhs edib. Cahangir Hüseynov həmçinin kitabda Atabəylər dövləti, monqolların Azərbaycana yürüşü, daha sonra Qarabağın Hülakilər dövlətinin tərkibində olmasından yazıb. Kitabda ən geniş yer verilmiş bölümlərdən biri də İkinci Qarabağ müharibəsi və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etməsidir.