Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir dövlətin 1 nömrəli milli təhlükəsizlik konsepsiyası iqtisadi təhlükəsizlikdir



Newscenter.az.6.03.2022. Hər bir yerli iş adamının qarşısında dayanan mənəvi məsuliyyətləri var. Əsas məsuliyyət yükü isə ölkə iqtisadiyyatını gücləndirmək, müxtəlif sahələrə investisiyalar qoymaqdır. Ölkə iqtisadiyyatı məhz bu cür inkişaf edir, çiçəklənir, dövlət mexanizmi güclənir, ölkə sərhədlərini qoruyan ordu, asayişimizin keşikçisi olan polis orqanları öz fəaliyyətlərini davam etdirirlər. Bu mənada müxtəlif yollarla ölkədən çıxarılan maliyyə gücümüz təkcə iqtsadi sabotaj deyil, həm də ordumuza, polisimizə vurulan düşmən zərbəsidir. Belə zərbəni isə yalnız düşmənçilik adlandırmaq olar.

Hər bir dövlətin 1 nömrəli milli təhlükəsizlik konsepsiyası iqtisadi təhlükəsizlikdir. Çünki güclü iqtisadiyyat olmasa, güclü ordu, müdafiə sistemi, təhlükəsizlik orqanı qurula bilməz. Güclü iqtisadiyyatı isə biz iş adamları yaratmalıyıq. İş adamı bu mənada iqtisadi əsgərlərdir. Əsgərin düşmən tərəfinə keçməsi nədirsə, iş adamının xalqdan oğurladığını xaricə qaçırması da eyni xəyanətdir.

Üstəlik, nəzərə alsaq ki, Azərbaycanda iş dünyası məmur- himayəsi altında formalaşır. Bir çox hallarda iş adamları formal xarakterə sahibdirlər. Öz şirkətinin sahibi kimi yox, hansısa iri məmurun həmin müəssisəyə təyin etdiyi rəhbər, direktor kimi fəaliyyət göstərir. Dolayısıyla onun ölkədən çıxardığı vəsait də iri məmurun pulu olur. Bəs o məmur həmin pulu hardan alıb, müəssisəsinin ilkin kapitalını necə qazanıb? Sözsüz ki, ayda uzağı 2 min manatla o sərvətə sahib olmaq mümkün deyil. Deməli, korrupsiya və rüşvət yoluyla öz sərvətlərini əldə edib. Korrupsiya və rüşvətxorluq isə ictimai əmlakı talamağın bir başqa adıdır. Belə çıxır ki, xaricə daşınan sərvətlər, kapitallar da bu xalqın oğurlanan haqlarıdır. İş adamlarının əliylə əsılində iri məmurlar öz ölkəmizi talayaraq, xaricə daşıyır, ordakı mülkiyyətlərini artırırlar.

Halbuki, onların vəzifəsi Prezidentin də qeyd etdiyi tam əksinə olmalıdır: ölkəyə xarici investisiya cəlb etməyə çalışmalı, yerli təsərrüfatları gücləndirməlidirlər. Korrupsiyaya və rüşvətə bulaşmış məmur ordusu isə nəinki ölkəyə xarici investisiya cəlb etmək barədə düşünmür, həm də yerli təşəbbüsləri boğur, öz şəxsi maraqlarına qurban edir. Rüşvət və korrupsiya ilə onları zəiflədir, yoxsullaşdırır, ölkədən küsüb getmələrinə şərait yaradırlar. Bu cinayət əməllərinin ağır nəticələrinin bir gün hesabatını verəcəklərini bildikləri üçün xalqdan oğurlayaraq topladıqları varidatlarını da ölkədə saxlamaqdan çəkinir və xaricə çıxarırlar. Bununla guya öz aləmlərində həmin mülkiyyətlərinin təhlükəsizliyini qarantiya altına aldıqlarını düşünürlər. Əslində isə özləri də başa düşmədən ölkəmizin başqa ölkələr tərəfindən istismarının, sömürülməsinin mexanizminə çevrilirlər. Bu mənada Azərbaycanın iri məmurları orta əsrlərdəki işğal ordularının töycübaşından fərqli bir şey deyillər. Onlar da töycübaşıları kimi xalqı son qəpiyinə qədər talayır, ağalarına aparırlar. Daha sonra isə varidatlarının mənbəyini göstərə bilmədikləri bəhanəsilə ağaları onların bütün mülkiyyətlərini, sərvətlərini dondurur, ya da müsadirə edirlər. Bu isə klassik müstəmləkə siyasətinin modern formasıdır.

Bilirsiniz ki, orta əsrlərdə işğal orduları bir yeri zəbt edəndə öz əsgərlərinə 3 gün talamaq möhləti verərdi. Əsgərlər bu müddət ərzində əllərinə nə keçərdisə, qənimət kimi müsadirə edərdilər. İndiki iri məmurlar isə 30 ildir ki, özlərini yadelli düşmən kimi aparır, Azərbaycan xalqını talayırlar. Dolayısıyla, dövlətimizə ən əzazil yağılardan, yadelli düşmənlərdən daha ağır zərbə vururlar. Bunun adı düşmənçilik, öz ölkəsinə xəyanətdir.

Mən bir iş adamı olaraq, müxtəlif dövlət məmurlarının bu cür ağır istismarı ilə üzləşmiş biriyəm. Hətta bir vaxtlar 20-yə qədər orqandan gəlib külli miqdarda rüşvət istəyirdilər. Bu da istər-istəməz təsərrüfatımızı genişləndirməyə imkan vermir, şirkətimizi müflisləşdirirdi. Nəticədə təkcə mən kimi iş adamları yox, həm də xeyli sayda işçi qüvvəsi qazanc yerini itirir, ailələr dağılır, uşaqlar yaxşı təhsil almaq imkanlarından məhrum olurdular. Prezidentin son zamanlar həyata keçirdiyi islahatlar nəticəsində vəziyyət xeyli yaxşılaşıb. Amma hələ də köhnə vərdişindən əl çəkə bilməyən harın komandanın tör-töküntüləri küncdə-buçaqda qalmaqda və dişlərini qıcıyıb münbit şərait gözləməkdədir. Hesab edirəm ki, iş dünyasının vəziyyətini, xalqı sosial güzaranını yaxşılaşdırmaq üçün ölkə başçısı öz islahatlarını dərinləşdirməli və sürətləndirməlidir. Əks halda keçən hər gün millətin kisəsindən gedir. Bütün mənalarda. Biz həm zamandan itirərək geri qalır, həm də iqtisadiyyatımızı gücləndirəcək maliyyə gücümüzü itiririk.

Mürvət Həsənli-“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
Xəbəri paylaş