Newscenter.az.12.03.2022. Sözün düzü, Azərbaycanla İran arasında, bu qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanacağını heç kim gözləmirdi. Bu bizim əksəriyyətimiz üçün həqiqətən də əsl sürpriz oldu. Belə bir memorandumun imzalanması həm mühüm tarixi hadisədir, həm də Azərbaycan diplomatiyasının fövqəladə uğuru kimi qiymətləndirilə bilər. Bu yeni layihə ölkəmizin gələcək iqtisadi inkişafında çox önəmli rol oynayacaq. Eyni zamanda Naxçıvanın uzun illərdən bəri davam edən blokada şəraitindən çıxması və onun Azərbaycanın əsas hissəsi ilə davamlı bağlantısının yaradılması ilə nəticələnəcək.
Bəziləri sözügedən anlaşma memorandumunun imzalanmasını Zəngəzur dəhlizindən imtina kimi, ümumiyyətlə “dəhliz” ideyasının tarixə qovuşması kimi təqdim etməyə cəhd göstərir. Ancaq bu yanaşma düzgün yanaşma deyil. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı strateji planından imtina etməyib. Sadəcə olaraq bu planın gerçəkləşdirilməsi Ermənistan tərəfinin süni surətdə vaxtı uzatması səbəbi ilə müvəqqəti olaraq təxirə salınır. Məsələ burasındadır ki, Ermənistan 44 günlük Vətən Müharibəsindən sonra iqtisadi blokadadan çıxmaq üçün böyük bir şans qazanmışdı. Bu şans Zəngəzur dəhlizinin açılması ilə gerçəkləşdirilə bilərdi. Lakin Ermənistan rəhbərliyi tarixi şansı düzgün qiymətləndirməyi bacarmadı, məkrli oyun oynamağa çalışdı, hansısa sərsəm şərtlər diktə etməyə başladı.
Onlar elə zənn edirdilər ki, Azərbaycanın bu şərtləri qəbul etməkdən başqa bir çarəsi yoxdur və bu dəhliz yalnız Ermənistanın icazəsi ilə və yalnız Ermənistan üzərindən yaradıla bilər. Lakin ermənilər öz hesablamalarında, təxminlərində yanıldılar. Biz bir il yarımdan artıq bir müddət ərzində Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsümüzə, təklifimizə Ermənistandan konkret, aydın bir cavab gözlədik. Lakin Ermənistan rəhbərliyi təəssüf ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe tutdu və nəticədə isə “oyundankənar” vəziyyətdə qaldı, özünü növbəti dəfə regional əməkdaşlıq imkanlarından şüurlu (və ya şüursuz) şəkildə kənarda qoydu. İstər Paşinyan və onun iqtidar komandası, istərsə də Ermənistanın revanşist-radikal müxalifəti ötən ilyarım ərzində ən müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açıılmasına mane olmağa çalışdı.
Ermənistan 10 noyabr və 11 yanvar razılaşmaları ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Zəngəzur dəhlizinin vaxtında reallaşmasına imkan vermədi. Amma bundan itirən tərəf Azərbaycan yox, elə Ermənistanın özü oldu. Odur ki, Azərbaycan dəhliz məsələsində Ermənistanı hələlik bir müddət prosesdən kənarda saxlamağa qərar verdi. Qoy Ermənistanı idarə edənlər hələ düşünməklərinə davam etsinlər. Azərbaycan isə praqmatik və çevik siyasət yürütməyə üstünlük verir. Rəsmi Bakı uğurlu diplomatik siyasət yürüdərək qonşu İranla anlaşma əldə etdi. Bu memoranduma əsasən Azərbaycan İran ərazisindən Naxçıvana keçid edəcək. Bu yol Zəngilan rayonunun Ağbənd bölgəsindən çəkiləcək və Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək.
Azərbaycan bu yeni kommunikasiya xətti ilə öz qlobal planlarının bir hissəsini artıq reallaşdırmış olur. Ermənistan isə bu mühüm layihədən kənarda qalmaqla özünü bir qədər də təcrid vəziyyətinə salacaq. Ənənəvi erməni hiyləgərliyi erməni ağlına mane olduğu üçün Ermənistan rəhbərliyi bu dəfə də düzgün siyasət yürüdə bilmədi və nəticədə gələcəkdə Ermənistanın özünə hədsiz çoxlu faydalar verə biləcək Zəngəzur dəhlizinə alternativ bir kommunikasiya bağantısı ortaya çıxdı. Azərbaycan bu yolla həm də İranı Ermənistanın dostundan, müttəfiqindən onun rəqibinə çevirməyi bacardı.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri