Newscenter.az.21.03.2022. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün biz artıq Novruz bayramını həmin ərazilərdə qeyd edirik. Bununla da, cənab Prezidentimiz həm Ümummilli Liderin vəsiyyətini, həm də Azərbaycan xalqının arzularını reallaşdırdı.
Uzun illərdən bəri Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Yaranma tarixi İslamdan əvvələ təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur.
Təsadüfi deyil ki, 2009-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə, BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.
Bu gün Azərbaycanın bu sahədəki beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı artmaqda davam edir. Belə ki, 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycan, Türkiyə, İran, Hindistan, Qırğızıstan, Pakistan, Özbəkistanla yanaşı, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşuldu.
21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağı əkib-becərməyə başlayır.
Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasının bariz nümunəsidir.
Zəngin tarixi və rəngarəng folkloru ehtiva edən Novruz bayramı “papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və başqa adətləri özündə birləşdirir.
Novruz bayramının ən vacib elementi kimi, ortasında səməni olan xonçanın içərisindəki milli şirniyyatlar - paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi isə şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə insanlar arasında mehribanlıq yaradan qədim bayramımızdır.
Bu qədim və əziz bayramımız haqqında xalqımızın sənətkarları tərəfindən bir çox mahnılar yazılmış, filmlər çəkilmişdir.
Jalə Əhmədova-Milli Məclisin deputatı