Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xoşbəxt gələcəyimiz üçün biz öz vəzifəmizi layiqincə yerinə yetirməliyik

 Xoşbəxt gələcəyimiz üçün biz öz vəzifəmizi layiqincə yerinə yetirməliyik


Newscenter.az.25.03.2022. Savadlı insanlar ən çətin anda vəziyyətdən çıxmağa, hadisələrin gedişini yaxşılığa, əmin-amanlığa, tərəqqiyə doğru istiqamətləndirməyə qadirdirlər.

Cəmiyyət insanı yetişdirdiyinə, yaşatdığına, tərbiyə etdiyinə görə mənalı olduğu kimi insan da cəmiyyətə verdiyi faydaya öz ləyaqətinə, elminə, xeyirxahlığına, əməlinə görə qürur hissi keçirməlidir. Buna görə də insan öz həyatı, gələcəyi, həm də xalqının və vətəninin tərəqqisi naminə daim savadlanmağa, oxumağa-öyrənməyə, dünyada baş verən hadisələri izləməyə, qiymətləndirməyə, yaxşını pisdən seçməyə borcludur.
Cəmiyyətin intellekt səviyyəsi ayrı-ayrı fərdlərin səviyyəsi ilə ölçüldüyünə görə hər bir kəsin elmli, dünyagörüşlü olması ölkənin taleyi və inkişafı üçün əsasdır. Çünki məhz ağıllı, savadlı insanlar ən çətin anda vəziyyətdən çıxmağa, hadisələrin gedişini yaxşılığa, əmin-amanlığa, tərəqqiyə doğru istiqamətləndirməyə qadirdirlər.

Əgər Azərbaycan cəmiyyəti, ziyalılar, elm xadimləri 1993-cü ilin iyun ayında uzaqgörənlik edib ümummilli Liderimiz Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməsəydilər və gələcəyi görən insanlar buna dəstək verməsəydilər biz bu gün də cahillərin, vəzifəpərəstlərin girovuna çevrilib zülm altında inləyərdik.

Əgər Heydər Əliyev dərin elmi, aydın düşüncəsi, geniş dünyagörüşü ilə bu günkü inkişafımızın əsasını qoymasaydı və Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətinə, xalqa, vətənə sonsuz sədaqət nümayiş etdirib öz yüksək intellekti, təşkilatçılığı, mənəvi kamilliyi sayəsində inkişafımıza dəstək verməsəydi mövcud uğurlarımızdan danışmaq mümkün deyildi.

Azərbaycan zəngin təbii ehtiyatlara və maddi sərvətlərə malik, iqtisadi inkişafa nail olan bir ölkədir. Ancaq ölkəmizin ən böyük və qiymətli sərvəti onun vətənpərvər, elmli, bilikli insanlarıdır.

Ölkə rəhbəri İlham Əliyev qazanılan yüksək iqtisadi göstəricilərdən, təbii sərvətlərimizin zənginliyindən söz açarkən xalqımızın və dövlətimizin gələcəyi üçün çox vacib olan bir məsələni ön plana çəkərək deyir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyənləşdirir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

Bu bir həqiqətdir ki, Azərbaycan hazırda dünyanın sürətlə inkişaf edən, beynəlxalq aləmdə tanınan, söz sahibinə çevrilən, ictimai-siyasi sabitliyi, tolirantlığı ilə bir çox ölkələrə nümünə olan, müstəqil, balaslandırılmış siyasəti ilə qiymətləndirilən respublikalarından biridir.

Ölkə vətəndaşlarının həyat şəraiti normaldır. İşsizliyin, yoxsulluğun aradan qaldırılması, əhalinin güzaranının yaxşılaşdırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, dilimizin, mədəniyyətimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir və keçirilir.

Əlbətdə bütün müvəffəqiyyətlər Azərbaycan Respublikasının Prezidenti başda olmaqla fədakar, bilikli, vətənpərvər insanların zəhmətinin nəticəsidir. Ancaq bizim elmimiz, təhsilimiz, düşüncələrimiz bu günki sürətli inkişafımızla, dünyada baş verən elmi tərəqqi, digər xalqların mütaliəsi, bilik səviyyəsi, informasiyalara sahib olmaq və onu düzgün istiqamətə yönəltmək qabiliyyəti ilə hərtərəfli ayaqlaşa bilirmi?

İntellektual səviyyəmizi artırmağın, sağlamlığımızın qorunması, insani münasibətlərimizin sağlamlaşdırılması, balalarımızın, gənclərimizin hərtərəfli formalaşdırılması qeydinə qalırıqmı və bunun məsuliyyətini lazımınca qiymətləndiririkmi?

Təhsil həyatımızın mənası, müvəffəqiyyətlərimizin əsası, gələcəyimizin bünövrəsi, həm də nöqsanlarımızın göstəricisidir. Çünki biz elmə, savada sahib olmadan, oxuyub öyrənmədən və düzgün öyrətmədən irəliyə gedə bilmərik.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Bu fikirlər Azərbaycanın milli mənafeyinə hesablanıb və nəinki bu günümüz, gələcəyimiz üçün təxirəsalınmaz vəzifə, müqəddəs borcdur.

Bu gün əyri yollarla var-dövlətə sahib olan, vəzifə tutan, övladlarını pul gücünə oxutduran, 15-16 yaşlı uşaqlarına bahalı maşınlar alan, təmtəraqlı villalar tikdirən, hər ay övladlarını xarici ölkələrə gəzməyə, yeyib-içməyə göndərən, ailə üzvləri ilə öz dilində deyil əcnəbi dildə danışan, özgələrin adət-ənənəsini, dilini, tarixini, bağ-bağçasını, yeməyini tərifləyib özününkünə dodaq büzən atadan-anadan əməksevər, savadlı, vətənpərvər, gələcəyimiz üçün layiqli insan tərbiyə etməyi gözləmək yersizdir.

Övladını məktəbdən yayındırıb alverə sövq edən və əyri yollarla ona ali məktəb diplomu alan, sonra həmin savadsıza vəzifə qazandıran atanın övladı valideynindən irəli gedə bilməz və həyatda sözsüz ki, onun yolunu tutacaqdır.

Tərbiyə, əməyə, zəhmətə, bilik öyrənməyə münasibət hissinin ailədə və məktəbdə zəif aşılanmasının nəticəsidir ki, bu gün hazırlıqlı kadrlara ehtiyac duyulur. Bir çox gənclər ali məktəbləri diplom əldə etmək üçün bitirir, onlar dövrün-zamanın reallıqlarını lazımınca qiymətləndirmir, yanlış informasiyalara, yad meyllərə uyur, müasir texnologiyaların imkanlarından səmərəsiz istifadə edir, əməyə xor baxır, zəhmət çəkmədən, çalışmadan var-dövlətə sahib olmaq, hamıdan yaxşı yaşamaq istəyir, milli-mənəvi dəyərlərimizə arxa çevirib radikal dini meyllərə həvəs göstərir, xurafata meyllənir, mütiliyi, acizliyi, boş-boşuna ibadəti, sitayişi özünə bir mənəvi borc hesab edir ki, bu da yolverilməzdir və inkişafımız üçün ciddi problemlər yaradan hallardır.

Ailədə və məktəbdə uşaqların, gənclərin psixoloji durumunun öyrənilməsi, araşdırılması, ixtisaslı psixoloq kadrlarının hazırlanması və yerləşdirilməsi yarıtmaz vəziyyətdədir. Son ildə onlarla məktəblinin intihar etməsi, evdən qaçması, oğurluğa, narkomanlığa, digər əyri yollara qurşanması, bacının bacını, oğulun ananı, qardaşın qardaşı xüsusi amansızlıqla qətlə yetirməsi və gənclər tərəfindən belə halların baş verməsi ciddi psixoloji araşdırmalar, sosioloji təhlillər aparılmasını zərurətə çevirir.

Cəmiyyətdə savadsızlıqdan, tənbəllikdən, cahillikdən yaranan bütün nöqsanları, bəlaları yalnız ailənin və məktəbin adına yazmaq ədalətsizlik olardı. Çatışmazlıqlar bir neçə nəfərin və hansısa müvafiq bir nazirliyin nöqsanı, işinə yarıtmaz münasibətin nəticəsi deyil, bütövlükdə hər bir Azərbaycan vətəndaşının ağrı-acısı, dərdi, bəlasıdır.

Hər bir vətəndaş, ailə özünə və məktəbə, təhsilə münasibətini köklü şəkildə dəyişdirməsə, orta və ali məktəblərimiz, tədris bazalarımız biliksiz mütəxəssislər yetişdirmək müəssisəsinə, alver məkanına çevrilməkdə davam etdirilsə qara günlərimizi ağlamağa, zaman-zaman əziyyət çəkməyə, geri getməyə, yaxşını yox pisi qiymətləndirməyə, düzü deyil əyrini seçməyə, aqilin yanından keçib nadanla oturmağa, vətəndən, torpaqdan öncə varı-dövləti dəyərləndirməyə, özgəsinin dediyi ilə durub-oturub onu sevməyə, tərifləməyə, bir sözlə millət kimi özümüzü inkar etməyə məhkumuq.
Bütün bunların baş verməməsi üçün nöqsanlarımızı, çətinliklərimizi görməliyik, bəlalarımızı aradan qaldırmalıyıq, xalqımızın və vətənimizin inkişafı, xoşbəxt günlərimiz naminə bizə aydın yollar göstərən, məsləhətlər verən ağsaqqallarımızın, böyüklərimizin, ziyalı insanların çağırışlarına səs verməliyik, dəyərli fikirləri dəstəkləməliyik, Bu bizim vətəndaşlıq borcumuzdur. Xoşbəxt gələcəyimiz üçün biz öz vəzifəmizi layiqincə yerinə yetirməliyik.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş