“Müharibə başlayarkən heç bir vətəndaşımızın qələbəyə şübhəsi yox idi, amma Cəbrayılın azad edilməsi xalqımızın döyüş ruhunu, zəfərə və orduya olan inamını birə-beş artırdı. Biz artıq Azərbaycan əsgərinin qarşısında heç bir maneənin dayana bilməyəcəyini həm özümüz gördük, həm də dünyaya nümayiş etdirdik”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Onun sölərinə görə, təsadüfi deyil ki, məhz Cəbrayılın azadlığı ilə Ermənistan və havadarları artıq təşvişlərini gizlədə bilməyərək beynəlxalq hüquqa və ədalətə zidd ləyaqətsiz addımlar atmağa, Azərbaycan əleyhinə açıq fəaliyyətə başladılar:
“Amma Müzəffər Ali Baş Komandan elə o zaman bəyan etdi ki, bizi kimsə dayandıra bilməz və sübut etdi ki, xalqımız və ordumuz nəyə qadirdir. Cəbrayılın azad olunması ilə bağlı digər önəmli amil ondan ibarətdir ki, Cəbrayıl işğal zonasında olmuş, düşmən tapdağından qurtarılan ilk şəhərimizdir. Biz Cəbrayılı azad etməklə, müharibəyə qədər Qarabağın 30 min əhali ilə ən iri yaşayış məskənlərindən, elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olmuş, bir şəhərin necə urbisidə və ekosidə məruz qaldığını, cənab İlham Əliyevin ifadə etdiyi kimi, hansı vandal qəbilənin burda vəhşiliklər törətdiyini dünyaya göstərə bildik. Amma dünya görmək istəyirdimi, bu başqa məsələ. UNESCO və digər ixtisaslaşmış təsisatların əsl siması məhz Cəbrayıl azad olunandan sonra ortaya çıxdı. Amma haqsız olmaları və cənab İlham Əliyevin qətiyyətlə milli mənafelərimizi müdafiə etməsi onlara səslərini ucaltmağa imkan vermədi”.
Millət vəkili qeyd edib ki, bu gün Cəbrayıl özünün ən gözəl günlərinə hazırlaşır, ən müasir yol, enerji infrastrukturu, Sənaye parkı, tam şəkildə planlı yaşayış məskənləri ilə Cəbrayıl Qafqazın ən müasir yaşayış məskənlərindən biri olacaq:
“Mən azadlığının ikinci il dönümündə bütün Cəbrayıl sakinlərinə, xüsusən təmsil etdiyim Biləsuvarda məskunlaşmış 20 mindən artıq cəbrayıllı soydaşlarımıza bir daha gözaydınlığı verir, hər bir cəbrayıllıya dövlətimizin, cənab Prezidentin ətrafında sıx birləşərək ən qısa müddətdə öz doğma torpağına dönərək əbədi şəkildə orada yaşamağı, qurub yaratmağı arzulayıram”.
Mehman