“ II Qarabağ müharibəsinin ən əhəmiyyətli günlərindən biri də 4 oktyabr tarixidir. 2020-ci ilin məhz bu günü, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin elə birinci həftəsində şəhər və rayon mərkəzi azad edildi.”
Newscenter.az xəbər verir ki, bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq deyib:
“Ermənistan ordusu 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində indiyədək misli görünməmiş vəhşiliklər, vandalizm əməlləri törətmişlər. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra böyük dağıntılara məruz qalıb. İşğal zamanı 52000 nəfər əhalisi olan Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğala qədər rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı vəhşicəsinə dağıdılıb. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmış, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. Yerli sakinlər isə dədə-baba yurdlarından didərgin salınaraq ölkənin 58 rayonunda çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış, məcburi köçkün statusunda yaşamağa məcbur olmuşlar. İşğal nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.”
K.Qafarov Cəbrayıl şəhərinin azad olunmasının Vətən müharibəsinin sonrakı gedişinə təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Deputat bildirib ki, Cəbrayıl əməliyyatı ordumuzun 44 günlük Zəfər yürüşündə atdığı ilk addım olub:
“Cəbrayılın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə təsir baxımından çox önəmli hadisə idi. Bu tarixi qələbədən düz bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Təbii ki, bu qələbələr şanlı ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu və bundan sonra o vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu.”
Millət vəkili qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə qazanıb:
“Əslində Cəbrayıl uğrunda döyüşlər, faktiki olaraq, Vətən müharibəsindən dörd il əvvəl başlamışdı. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş və Azərbaycan Ordusu Cocuq Mərcanlı kəndini tam nəzarəti altına almışdı. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Məhz bu qələbə nəticəsində Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Nəhayət, ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb. Buna görə də 2016-cı ilin Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı tarixi qələbəsi kimi qeyd olunur”.
Mehman