Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tofiq Zülfüqarov: "Ermənistan 90-cı illərdə əsir və girov götürdüyü azərbaycanlıları edam edib"

Tofiq Zülfüqarov: "Ermənistan 90-cı illərdə əsir və girov götürdüyü azərbaycanlıları edam edib"


"Azərbaycan 90-cı illərdə əsir və itkin düşmüş azərbaycanlıların Ermənistan tərəfindən edam olunması barədə beynəlxalq təşkilatları məlumatlandırmalıdır".

Newscenter.az xəbər verir ki, bunu "Report"a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O vurğulayıb ki, rəsmi İrəvan və xaricdəki erməni lobbisi Azərbaycana qarşı aqressiv və əsassız təbliğat aparır.

Keçmiş XİN başçısı qeyd edib ki, bu gün Ermənistan feyk videolar əsasında təbliğat dalğasını gücləndirib: "Azərbaycan isə sülh prosesinə hər-hansı maneə törətməmək üçün bir müddət həqiqətləri çatdırmaq məsələsində bir o qədər aktiv deyildi. Lakin bizim dünya ictimaiyyətinin diqqətinə çatdırmalı olduğumuz məsələlər çoxdur. İşğal vaxtında dağıdılmış ərazilər, həmin ərazilərdə törədilən cinayətlər, 90-cı illərdə itkin və əsir düşmüş şəxslərin edam olunması, Vətən müharibəsi dövründə əsirlərə qarşı qeyri-insani davranışların törədilməsi kimi faktlar barədə beynəlxalq təşkilatlar məlumatlandırılmalıdır. Biz bilməliyik ki, bugünlərdə Avropa Parlamentində bu məsələ ilə əlaqədar müzakirələr aparılır və sözügedən qurumda çox fəal erməni lobbi qrupları var. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan tərəfinin lazımi məlumatları sözügedən qurumlara çatdırması beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün çox effektiv üsul olacaq".

T.Zülfüqarovun sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında real sülh prosesi yoxdur: "Ermənilər bu prosesdən görüntü yaratmaq üçün istifadə edirlər və göstərmək istəyirlər ki, guya onlar bu prosesdə real iştirak edirlər. Erməni siyasi təhlilçiləri də açıq etiraf edirlər ki, rəsmi İrəvanın taktikası vaxt uzatmaqdan ibarət olmalıdır. Çünki ermənilər istəyirlər ki, Rusiyanın hərbi bazalarının geri çəkiləcəyi və Rusiyanın Ermənistandan tamamilə çıxacağı müddətdə hansısa Qərb dövlətini, yaxud beynəlxalq təşkilatları həm sərhəd bölgəsinə, həm də digər bölgələrə cəlb etsinlər. Onların vasitəsilə yenə də təhlükəsizlik işlərini qurub, arxadan köhnə siyasətlərinə davam etsinlər. Bütün bunlar bu proseslərin görüntü olduğu və taktiki xarakter daşıdığını deməyə əsas verir. Azərbaycana qarşı aktiv təbliğat müharibəsinin aparılması Ermənistanın sülh niyyətində olmadığını, rəsmi İrəvanın hansısa meyillərini ciddi qəbul etməyin lazım olmadığını göstərir".

Beynəlxalq qanunlara uyğun olaraq hərbi əməliyyatlar məfhumunun bir çox hərbi fəaliyyət sahələrini əhatə etdiyini deyən politoloq bildirib ki, mina müharibəsi də hərbi əməliyyatların ən vacib növlərindən biridir: "Hər kəsə məlum olduğu kimi, 2020-ci il 10 noyabrda Ermənistan hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminə riayət edəcəyi barədə Azərbaycanla qarşılıqlı öhdəlik götürüb. Amma biz bəzi hərbi sahəyə aid fəaliyyətin razılaşmadan sonra da davam etdiyini müşahidə edirik. Məsələn, mina xəritələrinin verilməsi məsələsi uzun müddət müzakirə olunsa da, problem öz həllini bu gün də tapmayıb və minadan xəsarət alan Azərbaycan vətəndaşlarının sayı günbəgün artmaqdadır. Bu baxımdan, 10 noyabrda Ermənistan tərəfindən götürülən öhdəlik ardıcıl şəkildə həyata keçirilmir, işğaldan azad edilən bölgələrdə terrorçu və diversant fəaliyyəti davam etdirilir. Artıq Azərbaycan hərbçiləri yeni istehsal olunan minalar aşkarlayıb. Yeni minalar aşkar edilən ərazilərdə əvvəlcədən minalanma mümkün deyildi, çünki ermənilər işğal etdikləri torpaqları öz məqsədləri üçün istifadə ediblər. Bütün bunlar ermənilərin bizə qarşı təxribat-terror əməllərini bir daha sübut edir. Sentyabrda baş verən təxribatlar, minaların yerləşdirilməsi və terror aktlarının davamı Ermənistanın öz verdiyi sözə sadiq olmadığını nümayiş etdirir".
Xəbəri paylaş