İki il öncə 2020-ci ilin oktyabr ayı işğalçı Ermənistanın Azərbaycan şəhərlərini bombalaması ilə tarixə düşdü.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutuldu.
Xüsusilə 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi.
Geridə qoyduğumuz iki ildə təəssüf ki, erməni terroru ilə bağlı beynəlxalq səviyyədə heç bir hüquqi qiymət, ədalətli reaksiya verilmədi.
Ukrayna müharibəsində isə dünyanın terrora münasibətinin tam əksini gördük. Bu gün iki il öncə Azərbaycanın başına gələnlər Ukraynanın başına gəldiyinin şahidi oluruq.
Ukrayna şəhərlərini bombalayan Rusiyaya qarşı beynəlxalq səviyyədə haqlı mövqe sərgilənir. Əlbəttə bu belə də olmalıdır. Əksini heç kəs də iddia edə bilməz. Lakin Kiyevi bombalayan Rusiya ilə Gəncəni bombalayan Ermənistan arasında heç bir fərq yoxdur.
Çünki iki il öncə Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Bir daha deyirəm terrorun milləti də, dini də, irqi də olmur. Buna görə də terrorla mübarizə tərəfsiz milli və siyasi maraqlar çərçivəsində olmamalıdır.
Turan Rzayev-politoloq