Bu günlərdə Çexiyada, Rusiyada, Qırğızıstanda rəsmi səfərlərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 13-də Astanada, Qazaxıstanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edib.
Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bir çox məqamlara toxunub. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimiz məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam etməsindən danışıb.
Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.
Onu da qeyd edim ki, Azərbaycan sülhün, sabitliyin və əmin-amanlığın tərəfdarı olsa da, ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına təhlükə yaradanlara qarşı hər zaman barışmaz mövqe sərgiləyib və sərgiləyəcəkdir. Ölkə Prezidentimizin Zirvə Toplantısında iştirakı isə bir daha göstərdi ki, cənab İlham Əliyevin düşünülmüş siyasi xətti, gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirməklə yanaşı, ölkəmizin beynəlxalq etimadını gündən-günə yüksəltməkdədir.
Jalə Əhmədova-Milli Məclisin deputatı