"Həm Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri, həm də ABŞ dövlət katibi Blinkenin bəyanatlarından məlum olur ki, Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Məlumata görə, saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib. Amma tərəflər onu da bildiriblər ki, bəzi əsas məsələlər üzrə mövqelərin yaxınlaşması əlavə iş tələb edir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Blinkenin dediyinə görə razılaşmaq bəzi hallarda çətinləşir, çünki ən çətin məsələlər sona qalır:
"Görüşdən dərhal sonra Ermənistan tərəfinin, konkret olaraq Ararat Mirzoyanın açılamalarından məlum oldu ki, razılıq olmayan və üzərində əlavə işlənməli olan məsələlər dedikdə delimitasiyanın 1975-ci il xəritəsinə uyğun aparılması, qoşunların təmas xəttindən çəkilməsi, “Qarabağın erməni əhalisinin hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmin” və sülh sazişinin təmin edilməsi üzrə beynəlxalq qarant institutunun bərqərar edilməsi nəzərdə tutulur. Azərbaycanın bu sadalananlarla bağlı mövqeyi məlumdur. Azərbaycan tərəfi rəsmi İrəvandan qanunsuz silahlı dəstələr, daxili işlərə qarışmama, Qarabağ erməniləri ilə dialoqa mane olmama və beynəlxalq institutlarda Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmə kimi məsələdə konstruktiv siyasi iradənin təzahürünü gözləyir. Yəni başqa sözlə ifadə etsək danışıqlarda bu və ya digər məsələlrələ bağlı razılaşmaların olmamasındakı əsas problem Ermənistanın fərqli yollarla ölkəmizə qarşı davam edən ərazi iddiaları və separatizm siyasətidir. Lakin Prezident İlham Əliyevin bildirdiyi kimi nə qədər ki, Ermənistan Azərbaycanın 86,6 min km2 çərçivəsində ərazi bütövlüyünə qarşı iddialarından əl çəkməyib, 29,8 min km2 çərçivəsində ərazisində özünü rahat hiss etməyəcək".
Yusif Bağırzadənin sözlərinə görə, Vaşinqtonda əldə edilmiş ilkin razılaşmalar o zaman effektli olacaq ki, Ermənistan ölkəmizin ərazilərində hələ də qalan hərbçilərini son nəfərədək çıxarsın, Qarabağdakı ermənilər silahı yerə qoyaraq Azərbaycana reinteqrasiyaya başlasın, Xankəndindəki terrorçu xuntanın qondarma "hakimiyyət strukturları" ləğv edilsin:
"Əks halda danışıqlarda əsas maneəni aradan qaldırmaq məqsədilə, Bakının hərbi əməliyyat keçirməsi labüd olacaq. Sülhməramlılara, Fransaya və ya İrana bel bağlayan və hələ də illüziyalar aləmindən qurtula bilməyən ermənilər anlamalıdır ki, Azərbaycan insanı Xankəndində, Xocalıda, Ağdərədə, Əsgəranda və digər ərazilərimizdəki evlərinə, yurd-yuvalarına qayıtmaq üçün daha otuz il gözləmək niyyətində deyil".
Anar Əliyev