Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda arxeoloji qazıntılara başlanılıb, 3 ekspedisiya yaradılıb

Qarabağda arxeoloji qazıntılara başlanılıb, 3 ekspedisiya yaradılıb


AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə arxeoloji qazıntı mövsümünün başlanması ilə əlaqədar müşavirə keçirib.

Newscenter.az-ın xəbərinə görə, AMEA-nın Rəyasət Heyətində keçirilən tədbirdə akademik İsa Həbibbəyli bildirib ki, builki arxeoloji qazıntı mövsümü Qarabağın işğaldan azad edilmiş ərazilərini də əhatə edir və hazırda burada 3 arxeoloji ekspedisiya fəaliyyət göstərir.

AMEA-nın Rəyasət Heyəti tərəfindən arxeoloqlara dron və GPS cihazının bağışlandığı deyən akademik İ.Həbibbəyli müasir texnologiyaların tətbiqi ilə tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

Bu günlərdə arxeoloji qazıntı mövsümünün başlanması ilə əlaqədar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimlərinin iştirakı ilə geniş tərkibdə iclasın keçirildiyini xatırladan akademik İsa Həbibbəyli mövsümün sonunda yekun tədbirin keçiriləcəyini, burada hər bir qrup üzrə hazırlanacaq elmi hesabatların dinləniləcəyini, ekspedisiya zamanı aşkara çıxarılmış maddi-mədəniyyət nümunələrindən ibarət sərginin təşkil olunacağını, Azərbaycan arxeologiya elmi üçün bir sıra vacib məsələlərin müzakirə ediləcəyini nəzərə çatdırıb.
Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək arxeoloji qazıntıların miqyası və arealı, həmçinin təşkil edilmiş ekspedisiya qrupları, onların marşrutu, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müşavirədə arxeoloji ekspedisiyaların təşkili qaydalarına təklif edilən dəyişikliklər haqqında məsələlər müzakirə edilib və aid qurumlarda məsələyə baxılmasının gedişi vəziyyəti və qarşıda duran vəzifələr haqqında söz açılıb.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, eləcə də Rəyasət Heyətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, Hüquq şöbəsinin müdiri Kamal Əliyev və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloji qazıntı işlərinin yüksək səviyyədə təşkil edilməsi üçün zəruri şəraitin yaradıldığını, Akademiya rəhbərliyi tərəfindən hər cür dəstəyin verildiyini diqqətə çatdıraraq, qazıntı işlərinin şəffaflığının artırılması barədə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinə müvafiq tapşırıqlarını verib, tövsiyələrini bildirib. Arxeoloji qazıntı işlərinin elmi əhəmiyyətinə toxunan AMEA rəhbəri tədqiqatların nəticələrinin ümummilli məsələ olduğunu və yaxın günlərdə ekspedisiyaların işi ilə əyani tanış olmaq üçün bir sıra arxeoloji qazıntı yerlərinə baxış keçirəcəyini vurğulayıb, arxeoloqların işinə uğurlar arzulayıb.

Tədbirdə müzakirə edilən məsələlərlə bağlı digər aidiyyatı şəxslər də iştirak ediblər.
Xəbəri paylaş