"1993-cü il oktyabrın 3-ü Azərbaycanın ən yeni tarixinə böyük siyasi hadisənin baş verdiyi və yeni mərhələnin başlandığı təqvim kimi düşüb. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev həmin gün prezident seçilib. Vətənimizin separatçılar tərəfindən parçalanması cəhdlərinin və vətəndaş müharibəsinin qarşısının alınması kimi ağır missiyanın öhdəsindən müvəffəqiyətlə gələn Ulu Öndər oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının göstərdiyi siyasi iradə ilə dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi üçün yola çıxdı".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bu mühüm tarixi hadisə müstəqil Azərbaycan dövləti üçün gələcək inkişafa gedən yolun start nöqtəsi idi:
"Qeyd edək ki, açıq və demokratik rəqabət şəraitində keçən bu seçkilərdə Ulu Öndər ən yüksək nəticə əldə edərək, 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Bu da o deməkdir ki, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq, ölkəmizin gələcək taleyi üçün yorulmadan çalışmaq məsuliyyətini öz üzərinə götürmüşdü. Heç şübhəsiz ki, Heydər Əliyevin 3 oktyabr seçkilərində bu cür həlledici üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə və onun idarəçilik təcrübəsinə dərin inamından qaynaqlanırdı. Xalqımız bilirdi ki, həmin ictimai-siyasi böhran günlərində ölkəyə sahib çıxa biləcək, xaosun və vətəndaş qarşıdurmasının qarşısını ala biləcək yeganə lider məhz Heydər Əliyevdir. Beləliklə, oktyabrın 3-də Ülu Öndərə səs verməklə xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən əsas seçimini etdi.
Bildiyimiz kimi Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, lakin ölkəmiz bir yandan dərin siyasi təlatümlər burulğanına düşmüş, digər tərəfdən isə Ermənistanın işğalçı-təcavüzkar siyasəti ilə üzləşmişdi. 1993-cü ilin may-iyun aylarında isə ölkədə siyasi hərcmərclik və sosial-iqtisadi böhran özünün pik nöqtəsinə çatdı. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən siyasi çaxnaşmaların və mənəvi-psixoloji böhranın qarşısının alınmasının əsası qoyuldu. 1993-cü il oktyabrın 3-də Ulu Öndərin ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin təməli qoyuldu".
O qeyd edib ki, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətimizn sükanı arxasına keçən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə ciddi nəticələrə nail oldu:
"Respublikamızın gələcək inkişafının açarı hesab olunan ictimai-siyasi sabitliyin bərqərar edillməsi ilə Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olundu, ərazi bütövlüyünün bərpası və ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə start verildi.
Ulu Öndərin qarşıya qoyduğu əsas vəzifələrdən biri məhz milli dövlət quruculuğunu həyata keçirmək və ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə nail olmaq idi O, bu məqsədə nail olmağı və güclü dövlət qurmağı bacardı. Azərbaycanı qalib dövlətə çevirmək missiyasını isə Ulu Öndərimizin layiqli varisi, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həyata keçirdi. 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında Ulu Öndər böyük uzaqgörənliklə demişdi: “Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq”. Dahi Liderimizin bu inamı özünü doğrultdu. İlham Əliyevin güclü, nizam-intizamlı ordu yaratmaq siyasəti Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısının alınması üçün möhkəm zəmin yaratdı".
Komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq Zəfəri və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi:
"Şuşada dövlət bayrağımız yenidən dalğalanmağa başladı. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini tarixi Qələbəmizə imza atmaqla yerinə yetirdi, torpaqlarımızın işğalına son qoyuldu. Bu gün Ulu Öndərin ən böyük arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub və Azərbaycan Cənubi Qafqazın aparıcı geosiyasi aktoruna, bölgədə yeni reallıqlar formalaşdıran əsas güc mərkəzinə çevrilib. Biz bu gün tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin qurtuluş və quruculuq əsəri olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalıb. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur. Biz onun xidmətlərini hər zaman minnətdarlıq hissi ilə xatırlayacağıq".
Süleyman