Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfərin Füzuli zirvəsi

Zəfərin Füzuli zirvəsi


Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.
1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.
Rayonun ərazisi 1390 kvadrat kilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Füzuli rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Füzuli rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.
Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.
Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı Qiyasəddin Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Deyilənlərə görə o, qurucu və xeyirxahlığı ilə seçilib. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü illərə təsadüf edir.
Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Bu gün Füzuli də işğaldan azad edilmiş digər ərazilərimiz kimi canlanır. Aparılan sürətli bərpa və quruculuq işləri sayəsində rayonun yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı artıq “Qarabağın hava qapısı” adlandırılan və cəmisi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının, “Füzuli” yarımstansiyasının və digər mühüm obyektlərin açılışı olmuş, Füzuli-Şuşa avtomobil yolu – Zəfər yolu istifadəyə verilmiş, o cümlədən Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin, Peşə Liseyinin və bir sıra başqa mühüm infrastruktur obyektlərinin təməli qoyulmuşdur.
Həyata keçirilən bütün bu işlər tezliklə Füzuli rayonunun da işğaldan azad olunmuş digər ərazilərimiz kimi tezliklə sakinlərinin ixtiyarına veriləcəyinə əminliyimizi daha da artırır.

Tural Məmmədov
Xəbəri paylaş