Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı şəraitdə şərtləri qalib Azərbaycan dövləti diktə edir

Hazırkı şəraitdə şərtləri qalib Azərbaycan dövləti diktə edir


Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsi üçün münbit şərait mövcuddur. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücü ilə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər. Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə olunub.

Samir Vəliyevin sözlərinə görə, bu amil Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşünə də nikbinliklə baxmağa əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Görüşün nəticələrinə dair verilən rəsmi məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

"Məlumdur ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldi. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhədinin 12 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib. Əbu-Dabi görüşündə isə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Əslində, bu görüş prosesin daha da irəliləməsi, konkret nəticələrin əldə olunması üçün müsbət perspektivlər vəd edir", - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, hazırkı şəraitdə şərtləri qalib Azərbaycan dövləti diktə edir: “Azərbaycan qalib dövlət kimi regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün konstruktiv mövqe nümayiş etdirir. Bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan, Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır. Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü şərtləri (Ermənistan konstitusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da bütün region üçün faydalı əməkdaşlıq platforması olacaq. Bütün bunlar isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq".
Xəbəri paylaş